Azərbaycan diasporuna ağır itki üz verib. Rusiya Federasiyasının Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Bəşir Bəşirov 49 yaşında dünyasını dəyişib.
1971-ci il noyabrın 6-da Azərbaycanda anadan olan B.Bəşirov 1997-ci ildə Kazan şəhərinə köçüb. 2000-ci ildən Tatarıstanda rəsmi sahibkarlıq fəaliyyətinə başlayaraq, iş adamı kimi kommunikasiya və daşınmaz əmlak sahəsində uğurlara nail olub. 2002-ci ildən Kazandakı Azərbaycan diasporunun genişlənməsi və inkişafı üçün fəaliyyətə başlayıb və 21 dekabr 2016-ci ildə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri seçilib.
Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətində böyük işlər həyata keçirməyə qadir gənclərimizdən, təşəbbüskar və istedadlı soydaşlarımızdan ibarət komanda toplamağa, Azərbaycan diasporu ilə Tatarıstanın ictimai-siyasi və mədəni elitası arasında əməkdaşlıq əlaqələrinin yaranmasına nail olub.
Mərhum B.Bəşirovun fəaliyyəti Tatarıstan hökuməti tərəfindən yüksək qiymətləndirilərək 2020-ci ilin iyul ayında "Tatarıstan MSSR-in yaranmasının 100 illiyi" xatirə nişanı ilə təltif edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Bəşir Bəşirovun vəfatından kədərləndiyi bildirir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!