Xarkovdakı "Dostluq" təhsil mərkəzində ilk zəng çalınıb

16.09.2020

Ukraynanın Xarkov şəhərində Ukrayna-Azrbaycan "Dostluq" cəmiyyətinin Mədəniyyət-təhsil mərkəzində yeni tədris ilinin başlanması ilə bağlı təntənəli tədbir keçirilib. 20 ildir fəaliyyət göstərən Mərkəzdə Azərbaycan dilini, tarixini, mədəniyyətini və ənənələrini yüksək səviyyədə öyrənmək istəyən şagirdlər üçün hər cür şərait yaradılıb.

Tədbirdə "Dostluq" cəmiyyətinin sədri Murad Ömərov, Xarköv şəhər şurasının ictimai birliklərlə iş üzrə şöbəsinin müdiri Nikita Sterin və digərləri çıxış ediblər. Natiqlər bu gözəl hadisə ilə əlaqədar şagirdləri, valideynləri və müəllimləri təbrik ediblər, onlara uğurlar arzulayıblar. "Dostluq" mərkəzinin fəaliyyətindən, onun yetirmələrinin şəhərin və vilayətin tədbirlərində uğurlu iştirakından danışılıb.

Mərkəzin fəaliyyətini dəstəklədiklərinə görə Xarkov şəhər şurasına, şəhər başçısına, Şevçenko rayonu üzrə təhsil idarəsinə və 131 saylı orta məktəbin direktoru Yuri Çernenkoya minnətdarlıq bildirilib.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın adından Y.Çernenkoya təşəkkürnamə, Xarkov şəhər başçısı Gennadi Kernesinin adından "Dostluq" cəmiyyətinin sədri Murad Ömərova, cəmiyyətin idarə heyətinin üzvü Aleksandr Həmzəyevə, mərkəzin direktoru Vüsalə Muradovaya fəxri fərmanlar təqdim olunub.

Tədbir zamanı "Dostluq" mərkəzinin son 2 illik fəaliyyətinin ən parlaq epizodlarını əsk etdirən slayd-şoy nümayiş etdirilib. Tədbirin sonunda ilk zəng səsləndirilib.