Soydaşlarımız Avropa Birliyini işqalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinin qarşısını almağa çağırıb

11.09.2020

İşğalçı və təcavüzkar Ermənistanın beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsində Livan ermənilərini yerləşdirmək kimi məkrli hərəkəti xaricdə yaşayan soydaşlarımızı hiddətləndirib.

Belçikada yaşayan Azərbaycan İcmasının nümayəndləri adından Belçika Azərbaycan Mədəniyyət Mərkəzinin Avropa Birliyinə və Parlamentinə ünvanladığı bəyanatda bununla bağlı dərin narahatlıq ifadə edilib. Qeyd edilib ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış, amma ermənilər tərəfindən işğal olunmuş ərazisidir və BMT-nin 1993-ci ildə qəbul olunmuş 4 qətnaməsinə əsasən, Ermənistanın işğalçı qüvvələri dərhal Azərbaycan torpaqlarını tərk etməlidir. "İndiyə qədər beynəlxalq hüquq normalarının tələblərinə əməl etməyən Ermənistan son onilliklərdə işğalçılıq siyasətini daha da genişləndirib. Xarici ölkələrdə yaşayan ermənilərin immiqrasiyası Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında məskunlaşdırma siyasətinin bir hissəsidir", - deyə sənəddə vurğulanıb.

Bu məkrli planın işğalın möhkəmləndirilməsi və bölgənin statusu haqqında gələcək danışıqlarda baş vermiş fakt kimi istifadə edilməsi məqsədi güddüyünü vurğulayan soydaşlarımız diqqəti avqustun sonunda Livandan Dağlıq Qarabağ bölgəsinə gəlmiş 2 ailəyə yaşamaq üçün zəruri şəraitin yaradılması barədə xəbərə cəlb ediblər.

Qeyd edilib ki, Ermənistanın beynəlxalq qanun normalarını, o cümlədən Cenevrə Konvensiyasını və onun əlavə protokollarını pozaraq işğal etdiyi Dağlıq Qarabağda və ona bitişik rayonlarda yaşayış məntəqələri tikməsilə bağlı Azərbaycan tərəfi dünya birliyinə çoxdan xəbərdarlıq edib. Halbuki beynəlxalq hüquqa əsasən, başqa dövlətin ərazilərini qəsb edən digər dövlətə həmin ərazilərdə məskunlaşdırma aparması qadağandır.

Sənəddə deyilir ki, Ermənistan bu cür qeyri-qanuni kampaniyaları ilk dəfə deyil həyata keçirir. Bu narahatlıqlar ATƏT missiyaları tərəfindən 2005 və 2010-cu illərdə faktların müəyyənləşdirilməsi və yaşayış məntəqələrinin peykdən çəkilmiş şəkilləri ilə də təsdiqlənirdi. "Bu gün Ermənistan həmin zorakılıq hərəkətlərini davam etdirir".

Bəyanat müəllifləri Avropa Birliyini və Parlamentini işğalçı Ermənistanın sərt şəkildə qınanması üçün bütün zəruri tədbirləri görməyə, bu məkrli və qeyri-qanuni hərəkətin qarşısını almağa, bütün üsullarla ədalətin bərpa olunmasına dəstək göstərməyə çağırıblar.

Bəyanat BMT-yə, Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə üzrə Danışıqlar Departamentinə, Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyenə, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelə, Avropa Parlamentinin və Avronest PA-nın deputatlarına göndərilib.