Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının və beynəlxalq ictimaiyyətin Qarabağ həqiqətləri ilə bağlı daha müfəssəl məlumatlandırılması üçün yeni televiziya layihəsinə başlayıb.
“Qarabağ saatı” adlı layihənin ilk buraxılışı yayımlanıb və veriliş Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması tarixinə və məqsədlərinə həsr olunub. Siyasi elmlər doktoru, professor Elçin Əhmədovun təqdimatında yayımlanan verilişdə xaricdə yaşayan azərbaycanlı gənclərin mövzu üzrə sualları da cavablandırılıb. Veriliş, Diaspor TV ilə yanaşı, Dövlət Komitəsinin sosial media resurslarında və “KarabakhisAzerbaijan!” milli platformasının youtube kanalında da paylaşılıbdır.
Qeyd edək ki, “Qarabağ saatı” adlı yeni veriliş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Qarabağ Araşdırmaları Mərkəzi ilə birgə, tarixi faktlar və sənədlər əsasında hazırlanır.