"Karabakh is Azerbaijan!" milli platformasının əhatə dairəsi genişlənir

09.09.2020

Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyətə çatdırılması üçün yaradılmış Karabakh is Azerbaijan! Milli Platformasının əhatə dairəsi genişlənir.

Diaspor Könüllüləri ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərlə birlikdə həqiqətlərin beynəlxalq icitmaiyyətə çatdırılması istiqamətində davamlı və sistemi fəaliyyət göstərirlər.

Karabakh is Azerbaijan! Milli Platforması çərçivəsində formalaşmış Karabakh is Azerbaijan! adlı facebook qrupunda dünyanın 60 ölkəsində yaşayan azərbaycanlı gənclər təmsil olunur. Eyni zamanda, gənclərin twitter profili, instaqram səhifəsi, whatsapp və teleqram qrupu da fəaliyyət göstərir ki, bu da çevik əlaqələndirmə baxımından önəmlidir.

Platforma çərçivəsində gənclər ingilis, rus və digər dillərdə Qarabağ həqiqətləri haqqında videolar hazırlayıb paylaşır, sosial şəbəkələrdə davamlı olaraq ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, cəbhədə baş verən təxribatlar haqqında #KarabakhisAzerbaijan!, #Karabakh, #Stoparmenianaggression və s. həştəqlərlə paylaşımlar edirlər.

Xatırladaq ki, "Karabakh is Azerbaijan!" Milli platformasının beynəlxalq bölməsi yaradılıb və bölmədə yalnız azərbaycanlı gənclər deyil, eləcə də xarici ölkə gəncləri də təmsil olunur. Xarici ölkə gənclərinin iştirakı ilə "Qarabağ Azərbaycandır!" şüarının təbliği kampaniyasına start verilib və gənclər öz ana dillərində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edirlər.

Qeyd edək ki, Platforma çərçivəsində müxtəlif dillərdə fəaliyyət göstərən saytın yaradılması üzərində də işlər aparılır. Yaxın zamanlarda sayt geniş ictimaiyyətə təqdim olunacaqdır.