Amerikadakı soydaşlarımız Əmək günündə bir araya gəliblər

07.09.2020

ABŞ-ın Minnisota və İllinoys ştatlarında yaşayan soydaşlarımız Amerikanın federal bayramı sayılan Əmək gününü (Labor day) birlikdə qeyd ediblər.

Minnesotadakı tədbir Azərbaycan İcmasının rəhbəri Günel Rally, İllinoysdakı tədbir isə Xeyriyyə Cəmiyyətinin rəhbəri Teymur Mehmandarovun təşkilati dəstəkləri ilə baş tutub.

Azərbaycanlı icmalar bir araya gələrək Əmək gününün Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına qazandırdığı üstünlüklərdən, həmyerlilərimizin burada yaradılan şəraitdən bəhrələnərək əldə etdikləri uğurlardan, Amerika cəmiyyətinə bəxş etdikləri töhfələrdən danışıblar və təcrübələrini bölüşüblər.

Qeyd edək ki, Əmək günü Amerika Birləşmiş Ştatlarında hər il sentyabrın ilk bazar ertəsi günü qeyd edilir. Bu təşəbbüslə ilk dəfə 1882-ci ildə Nyu-York ştatındakı "Cəngavərlər əməyi" birliyi çıxış edib. 1894-cü ildə isə ABŞ Konqresi bu təşəbbüsü rəsmiləşdirərək milli bayram kimi bütün ştatlara elan edib. Həmin ildən etibarən "Əmək günü" bayramı ABŞ-ın bütün ştatlarında təntənə ilə qeyd olunur.