"Qarabağ" idman klubu “NextGen” Futbol Akademiyası ilə əməkdaşlıq edəcək

07.09.2020

Rotterdamda fəaliyyət göstərən “Qarabağ” idman klubu ilə Niderlandın “NextGen” Futbol Akademiyası arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Benilüks Azərbaycanlıları Konqresinin sədri, “Qarabağ” idman klubunun rəhbəri Elsevər Məmmədov bildirib ki, müzakirələr "NextGen” Futbol Akademiyası üzvlərinin “Qarabağ” idman klubunu ziyarəti zamanı baş tutub.

Akademiyanın rəhbəri Caner Yalamoğlu, baş məşqçi Lukas Kok, məşqçi Yassine Belqar qeyd ediblər ki, “NextGen” Futbol Akademiyası “Qarabağ” idman klubu ilə əməkdaşlıqda maraqlıdır, lazımi texniki və taktiki dəstək göstərməyə hazırdır. "Qarabağ” klubunun 6-11 yaşlı idmançılarının hazırlığı yüksək qiymətləndirilib və klubun tezliklə Niderlandın idman məktəbləri arasında ilk yerlərdən birini tutacağına əminlik ifadə edilib. Akademiyada məşq edən idmançıların əksəriyyətinin sonradan Niderlandın bir sıra tanınmış klublarında, o cümlədən “Feyenord”, “Sparta”, “PSV”, “Ekselsior” və s. çıxış etdikləri bildirilib.

"Qarabağ" klubu haqqında ətraflı məlumat verən Elsevər Məmmədov təklif və dəstəyə görə Akademiyanın rəhbər və məşqçilərinə minnətdarlığını bildirib. Azərbaycan həqiqətlərini və klubun nəyə görə "Qarabağ" adını daşıdığını qonaqların nəzərinə çatdırıb, digər idman mərkəzləri ilə əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Artıq azərbaycanlı idmançıların cox rahat şəkildə bu akademiyada məşq edə biləcəyindən məmnunluq ifadə olunub.

Görüşün sonunda “Qarabağ” klubunun üzvlərinə “NextGen” Futbol Akademiyasının forması, qonaqlara isə üzərində Qız Qalasının təsviri olan süvenir hədiyyə edilib.

Xatırladaq ki, Rotterdam şəhərindəki “Qarabağ” idman klubu 2019-cu ilin mart ayında rəsmi qeydiyyatdan keçib.