Avqustun 30-da Avstraliyanın Sidney şəhərində Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə tədbir təşkil olunub.
Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) rəhbəri Mikayıl Oyta bildirib ki, tədbir Türkiyənin Avstraliyadakı baş konsulluğunun təşkilatçılığı ilə keçirilib. Təntənəli tədbirdə Türkiyə Cümhuriyyətinin Avstraliyadakı baş konsulu, Avstraliya Müdafiə Nazirliyinin hərbiçiləri, "Güney Azərbaycan Demokratik Türk Birliyi" , "Türk Körpü Muzik Sənətkarlar Assosiasiyası", Azərbaycan, Türkiyə və digər icmaları təmsil edən təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirdən öncə Türkiyənin qüdrətli dövlət xadimi Mustafa Kamal Atatürkün abidəsi ziyarət olunub, önünə çiçəklər düzülüb və Türk Dünyasının bütün şəhidlərinin əziz xatirəsi anılıb. Azərbaycan icmasının adından bu missiyanı AAA-nın rəhbəri Mikayıl Oyta həyata keçirib.
Xatırladaq ki, 30 avqust – Zəfər bayramı Türkiyə Cümhuriyyəti tarixinin ən önəmli günlərindən biridir. 1922-ci il avqustun 30-da Türkiyə Ordusu görkəmli sərkərdə Mustafa Kamal Atatürkün komandanlığı ilə ölkənin cənub-qərb bölgəsini yunan işğalından azad etməklə Qurtuluş savaşının taleyini həll edəcək böyük zəfər qazanıb.