İstanbuldakı soydaşlarımıza növbəti dəstək göstərilib

31.08.2020

Avqustun 30-da İstanbulun Başakşəhər rayonunun Köyiçi səmtində yaşayan aztəminatlı 211 azərbaycanlı ailəsinə (ümumilikdə 844 nəfər) dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib.

Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İstanbulda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyinin və İstanbul Azərbaycan Dostluq Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Dünyada koronavirus pandemiyası ilə əlaqədar bəzi iş yerlərinin müvəqqəti dayandırılmasının mənfi təsirinə məruz qalanlar arasında 1990-cı illərdən İstanbulda məskunlaşan həmvətənlərimiz də var. Yaranmış mövcud vəziyyəti nəzərə alan Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə azərbaycanlı ailələrə lazımi yardımlar göstərilir.

Qeyd edək ki, bu, Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə İstanbul şəhərində keçirilən 4-cü xeyriyyə aksiyasıdır. Bu ilin 6 may tarixində İstanbuldakı “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik” dərnəyinin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına orta məktəbdə təhsil alan 80 şagirdin ailəsinə, 22 may və 12 iyul tarixlərində isə İstanbuldakı “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin təşkilatçılığı ilə şəhərin Qaziosmanpaşa, Bayrampaşa, Küçükçəkməcə rayonunun Halkalı məhəlləsində məskunlaşmış 700-ə yaxın ailəyə (ümumi sayı 2500 nəfərdən çox) yardım göstərilib. Dövlət Komitəsinin dörd xeyriyyə aksiyası İstanbul şəhərində yaşayan 991 aztəminatlı ailəni və yaxud 3500 nəfərdən çox soydaşımızı əhatə edib.

Bundan başqa, Dövlət Komitəsi pandemiya dönəmində İstanbuldakı Azərbaycan dərnəklərinin nəzdində fəaliyyət göstərən bir neçə məktəbin aylıq icarə haqqının ödənilməsi ilə bağlı müraciətləri nəzərə alaraq, bu istiqamətdə də zəruri addımlar atıb. Həmin məktəblər İstanbul şəhərində qeyri-rəsmi məskunlaşmış azərbaycanlı ailələrin övladlarının təhsilə cəlb olunmasında böyük rol oynayır.

Dövlət Komitəsi həmin məktəblərin 2020–2021-ci tədris ilində ehtiyac olan dərslik və dərs vəsaitləri ilə təmin olunması barədə müraciətinə də baxaraq, yaxın günlərdə dərs vəsaitlərinin sözügedən məktəblərə göndərilməsi barədə qərar qəbul edib.