Niderland Krallığında yayımlanan Live 24 televiziya kanalında Azərbaycan diasporunun fəaliyyətindən bəhs olunub.
Telekanala geniş müsahibəsində Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov II Dünya müharibəsi zamanı Avropa ölkələrinin faşizmdən azad olunması uğrunda müqavimət hərəkatında iştirak edən azərbaycanlı qəhrəmanlardan, Ermənistanın ölkəmizə qarşı hərbi təxribatlarından, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində diaspor təşkilatlarının gördükləri işlərdən, azərbaycanlı və türk icmalarının birgə fəaliyyətinin vacibliyindən danışıb.
O, bildirib ki, ermənilərin Qaregin Njde kimi cəllad nümayəndələri faşist Almaniyasına xidmət edərkən, Niderlandda Məmməd Məmmədov (Medo), Fransada Əhmədiyyə Cəbrayılov, Sloveniyada Mehdi Hüseynzadə müqavimət hərəkatlarına qoşularaq, Avropanın və dünyanın bu bəladan qurtulması naminə böyük şücaətlə mübarizə aparıblar. Amersfoort şəhərindəki Leusden Qardaslıq Məzarlığında uyuyan qəhrəmanların arasında 22 azərbaycanlı əsgərin də olduğunu xatırladar AAK rəhbərinin sözlərinə görə, bu gün Avropada azərbaycanlı qəhrəmanların abidələri ucaldılır, adları əbədiləşdirilir, amma işğalçı Ermənistanda vaxtilə faşistlərə qulluq edən, erməniləri Hitler Almaniyasına xidmət göstərməyə çağıran Qaregin Njdeyə heykəl qoyulur.
Avropa azərbaycanlılarının Disporla iş Üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etdiyi, Ermənistanın işğalçı siyasəti, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması naminə AAK-ın nüfuzlu beynəlxalq institutlarda və təşkilatlarda müxtəlif görüşlər keçirdiyi, Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan diasporunun 22 fevral 2020-ci il tarixli Berlin mitinqinin böyük rezonans doğurduğu nəzərə çatdırılıb. Diasporun bu istiqamətdə həyata keçirilən işlərlə kifayətlənməməsinin, daha çox işlər görməsinin vacibliyi vurğulanıb.
Ermənistanın son hərbi təxribatları zamanı diaspor təşkilatlarının bütün dünyada ayağa qalxdığına, ermənilərin Los-Anceles, Brüssel, Paris, London şəhərlərindəki aksiyalar zamanı barbar hərəkətlər törətdiyinə diqqəti cəlb edən AAK rəhbəri qeyd edib ki, həmişə olduğu kimi Türkiyə yenə də Azərbaycanın yanında oldu. Bildirib ki, azərbaycanlı və türk icmaları Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "bir millətin iki diasporu olmaz" bəyanatını əməldə gerçəkləşdirirlər. "Biz qüvvələrimizi birləşdirsək, birlikdə daha da güclü olacağıq", - deyə S.Qasımov fikrini yekunlaşdırıb.
https://www.facebook.com/life24.tv/videos/662647244341117/?v=662647244341117