"Niyazi və Azərbaycan–Türkiyə mədəni əlaqələri” mövzusunda elmi-praktik videokonfrans təşkil edilib

21.08.2020

Avqustun 20-də Azərbaycanın görkəmli dirijor və bəstəkarı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatlarının, C.Nehru adına Beynəlxalq mükafatın laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 108-ci ildönümünə həsr olunmuş “Niyazi və Azərbaycan–Türkiyə mədəni əlaqələri” mövzusunda elmi-praktik videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Musiqi Mədəniyəti Dövlət Müzeyi və Türkiyənin Üsküdar Universitetinin sosiologiya kafedrasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iki ölkənin alim və mütəxəssisləri iştirak ediblər.

Videokonfransda Üsküdar Universitetinin sosiologiya kafedrasının müdiri, professor Əbülfəz Süleymanlı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, İstanbul Universitetinin professoru Fethi Gedikli, Niyazi mənzil-muzeyinin direktoru Rza Bayramov, İstanbul Universiteti Konservatoriyası Musiqişünaslıq kafedrasının magistrantı Ecem Tuğçe Akbulut və başqaları çıxış ediblər.

Natiqlər maestro Niyazinin Azərbaycan musiqi mədəniyyətində əvəzolunmaz yer tutduğunu, bütövlükdə Türk dünyasının mədəniyyətində dərin iz buraxdığını, müxtəlif ölkələrdə Azərbaycan, Türkiyə və xarici ölkə bəstəkarlarının əsərlərinə dirijorluq edərək, onları bütün dünyaya tanıtdığını, hər zaman Azərbaycan və Türkiyədə böyük sevgi və ehtiramla anıldığını bildiriblər.

Maestronun görkəmli dövlət xadimi Heydər Əliyevlə dostluq münasibətləri, üç il əvvəl Prezident İlham Əliyevin iştirakı ilə Bakının mərkəzində Niyazinin abidəsinin açılış mərasiminin keçirildiyi yada salınıb.

İdeoloji, siyasi məhdudiyyət və qadağaların mövcud olduğu sovet dövründə onun Azərbaycan–Türkiyə mədəni əlaqələrini formalaşdıran şəxsiyyətlərdən biri olduğu vurğulanıb. Adnan Saygun, İdil Biret və Nazim Hikmət kimi məşhur türk incəsənət və ədəbiyyat xadimləri ilə olan dostluq və yaradıcılıq əlaqələrindən, Azərbaycan–Türkiyə mədəni əlaqələrinə böyük töhfələr bəxş etdiyindən danışılıb. Türkiyənin tanınmış piano ifaçısı İdil Biretin maestro Niyazi ilə bağlı yazılı xatirələri səsləndirilib.

Türk xalqları arasında mədəni əlaqələrin inkişafı məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlər, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyindəki türk xalqlarının musiqi mədəniyyətinə aid eksponatlar və Niyazinin fəaliyyətinə dair aparılan elmi tədqiqatın nəticələri barədə ətraflı məlumat verilib, ölkələrimizi birləşdirən dəyərlərin zənginliyi, bu istiqamətdə elmi işlərin daha da sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri" mövzusunda məqalələr toplusunun nəşri haqqında fikir mübadiləsi aparılıb.