İslandiyanın “Frettabladid” qəzetində “Qarabağ Azərbaycandır” başlıqlı məqalə dərc olunub. Bu ölkədə yaşayan soydaşımız Zakir Con Həsənovun qələmə aldığı yazıda bildirilir ki, Azərbaycan torpaqları 30 ilə yaxındır Ermənistan tərəfindən işğal olunub. İşğalçı ölkə ilə aparılan danışıqlar nəticə vermədiyindən Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlar hələ də Ermənistanın işğalı altında qalıb.
Məqalədə qeyd olunur ki, Ermənista¬nın işğalçı və təcavüzkar siyasəti nəticəsində on minlərlə dinc azərbaycanlı həlak olub, yaralanıb, minlərlə insan əsir götürülüb, evlər, məktəblər, xəstəxanalar, məscidlər, milli-mədəni abidələr dağıdılıb. Ermənistanın iyul təxribatlarını xatırladan soydaşımız bu qəsbkar ölkənin beynəlxalq sülhü təhdid edən siyasət yürütdüyünə diqqəti cəlb edib.
“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə təhdiddir. Ermənistan hərbi əməliyyatlarını yalnız Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirib. Mən Azərbaycandanam və dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağın işğal olunması faktına cəlb etmək istəyirəm. Qarabağ Azərbaycandır!”, - deyə o, vurğulayıb.