Avqustun 15-də Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının (AAKŞ) ilk toplantısı keçirilib. Tədbirdə ABŞ-ın müxtəlif ştatlarından olan bir qrup icma üzvü iştirak edib.
Toplantını giriş sözü ilə ABŞ-ın Yuta ştatında yaşayan Azərbaycan icmasının fəal üzvü Əsmər Hüseynova açıb. Bildirib ki, pandemiya və Ermənistanın iyul təxribatları kimi məsələlər ABŞ-dakı soydaşlarımızın da mütəşəkkil və koordinasiyalı şəkildə fəaliyyət göstərməsinin zəruriliyini ortaya qoyub. “Baş verənlər bir daha onu sübut etdi ki, təkcə bir qitədə deyil, bütün dünyada soydaşlarımız arasında şəbəkələşmənin təmin edilməsi günümüzün vacib tələblərindən biridir”, - deyə Ə.Huseynova vurğulayıb.
Müzakirələr zamanı AAKŞ-nin əsasnaməsi, idarə heyəti üzvlərinin seçilməsi, Şura tərəfindən həyata keçiriləcək tədbirlərə dair fəaliyyət planı, gündəlikdə duran cari işlər və digər mühüm məsələlərdən danışılıb. Natiqlər bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının və icma üzvlərinin fəaliyyətini əlaqələndirmək, birliyini möhkəmləndirmək, həmrəyliyinə nail olmaq, soydaşlarımızın milli kimliklərini qoruyub-saxlamaq, yerli cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq baxımından Koordinasiya Şurasının əhəmiyyətini qeyd ediblər.
Toplantı AAKŞ-nin idarə heyətinin 9 üzvünün seçilməsi və əsasnamənin qəbul edilməsi ilə yekunlaşıb.
Xatırladaq ki, Amerika Azərbaycanlılarının Koordinasiya Şurası 18 noyabr 2018-сi il tarixində Nyu-York şəhərində təsis edilib. Təsis iclasında diaspor təşkilatlarının 60-dan çox nümayəndəsi iştirak edib. Əsas məqsədlərdən biri ABŞ-dakı Azərbaycan diasporunun mütəşəkkil və birgə fəaliyyətini təmin etməkdir.
Qeyd edək ki, hazırda dünyanın 26 ölkəsini əhatə edən 12 Koordinasiya Şurası fəaliyyət göstərir.