“Hər şey Vətən üçün!” adlı onlayn görüş keçirilib

14.08.2020

Diasporla İş üzrə Dövlət Komitəsi, Bakı şəhər Gənclər və idman Baş İdarəsi, Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin dəstəyi, eləcə də Binəqədi rayon Gənclər və idman İdarəsi, "LOQOS" psixoloji və nitq inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə 12 avqust – Beynəlxalq gənclər gününə həsr olunmuş “Hər şey Vətən üçün!” adlı onlayn görüş təşkil edilib.

Görüşdə Bakı şəhər Gənclər və idman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi rayon İH başçısının müavini Aygün Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr və protokol şöbəsinin baş məsləhətçisi İlqar Məcidli, Türkiyədəki Yeditepe Universitetinin “Güzel Sanatlar” fakültəsinin rəsm bölümünün professoru Teymur Rzayev, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Qaçqınlıq və miqrasiya üzrə beynəlxalq sosial işçi Nigar İbrahimova, Azərbaycan idman könüllüləri ictimai birliyinin sədri Miraqil Seyidzadə, "LOQOS" mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Rəhimova, xaricdə təhsil alan tələbələr və fəal gənclər iştirak ediblər.

Tədbirdə gənclərin vətənpərvərliyinin yüksəldilməsi istiqamətində görülmüş işlər, ölkənin ictimai-siyasi həyatında gənclərin qarşısında duran vəzifələr, azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi, milli dəyərlərin qorunması, təhsil müəssisələrinin, dövlət qurumlarının və vətəndaş cəmiyyətini təşkil edən institutların birgə əməkdaşlığının vacibliyi barədə fikir mübadiləsi aparılıb, bu cür layihələrin əhəmiyyəti yüksək qiymətləndirilib.

Onlayn görüşdə İ.Məcidli Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan gənclərlə bağlı həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Yay Düşərgələri, Qış Məktəbi, "Liderliyin inkişaf proqramı", "Beyin qazanma proqramı", "Azərbaycan Diaspor Könüllüləri", "Azərbaycan Diaspor Gənclərini tanıyaq" və sair layihələrin gənc soydaşlarımızın formalaşmasında və şəbəkələşməsindəki rolundan bəhs edib. Həyata keçirilən layihələrin xaricdəki gənc soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandığı və dəstəkləndiyi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.