Avqustun 13-də Niderland Krallığının Haaqa şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK) erməni lobbisinin dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş cəhdləri ilə bağlı mətbuat konfransı keçirib.
“Nieuwspoort” Beynəlxalq Media Mərkəzində təşkil olunan mətbuat konfransında Avropanın butun ölkələrindən dəvət olunmuş jurnalistlər və bir sira rəsmi səxslər istirak ediblər.
Tədbirdə çıxış edən AAK prezidenti Sahil Qasimov bildirib ki, Avropada pandemiyanın tüğyan etməsinə və havaların həddindən artıq isti keçməsinə baxmayaraq, mətbuat konfransının təşkil edilməsinə böyük ehtiyac yaranıb. Buna səbəb Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddinə xaincəsinə hücum edən ermənilərin bu hərbi təxribatlar haqqında dünya mətbuatında uydurma və yalan məlumatlar yayması olub. Halbuki öz havadarlarına arxalanan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhəddinə hücum edərək hərbi təxribatlar törətməsi artıq heç kimdə şübhə doğurmur.
Bundan başqa, Avropanın və Amerikanın müxtəlif şəhərlərində faşist mahiyyətli Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasət aparmasına haqlı olaraq etiraz səsini ucaldan azərbaycanlılar erməni təxribatçılarının milli etnik və nifrət zəminində hücumlarına məruz qalırlar. AAK ermənilərin soydaşlarımıza qarşı törətdiyi cinayət hərəkətləri ilə bağlı faktlara, dəlil və sübutlara malikdir.
Qeyd edilib ki, Ermənistanın tamamilə ifşa olunduğunu görən erməni lobbisi və jurnalistləri indi də informasiya təxribatları və dezinformasiyaları ilə dünya ictimaiyyətini çaşdırmağa cəhd edirlər. Bu, yolverilməzdir. Çünki Azərbaycan torpaqlarının 20 faizi artıq 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunub. BMT-nin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz ölkəmizin işğal olunmuş ərazilərini tərk etməsi tələbinə baxmayaraq Dağlıq Qarabağ münaqişəsi indiyədək həll olunmayıb.