Azərbaycan-Türk gənclər təşkilatı: Dünya ictimaiyyəti erməni uydurmalarına gülür

13.08.2020

Finlandiyada fəaliyyət göstərən Azərbaycan-Türk gənclər təşkilatı dünya ictimaiyyətini ermənilərin Azərbaycanın "təcavüzkar olması" barədə uydurmalarına inanmamağa çağırıb.

Azərbaycan-Türk gənclər təşkilatının fəal üzvü Mona Savojifar müraciətində bildirib ki, əslində hadisələr Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində baş verib. Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində hücum etməyə cəhd göstəriblər.

Tovuz hadisələri zamanı azərbaycanlı hərbçilərin və dinc sakinin həlak olması, 10-larla yaşayış evinin dağıdılması, Xocalıda 613 günahsız dinc sakinin, o cümlədən 63 uşağın öldürülməsi, 1275 insanın əsir götürülməsi, 150 insanın itkin düşməsi kimi faktları xatırladan soydaşımız erməniləri Azərbaycana xəyanət etməkdə ittiham edib:

"Siz bilirsinizmi niyə Qarabağda yaşayırsınız? Bəli, siz düz eşitdiniz: bu, Qarabağdır, Artsax deyil. Bu, Qarabağdır və həmişə də Qarabağ olub. Öz torpaqlarımıza gedə bilməməyimizin bir səbəbi var. Torpaqlarımıza xəyanətkarlar hücum edib. Bizimlə yanaşı yaşayırdınız, mədəniyyətimizi,, dilimizi öyrənirdiniz, bizimlə eyni masa arxasında əyləşirdiniz, sonra isə arxadan bizə hücum etdiniz. Siz 20 mindən çox insanı öldürdünüz və azərbaycanlıları öz doğma torpaqlarından etnik olaraq təmizlədiniz. Sonra isə qəfildən siz Ermənistanın qəhrəmanına çevrilirsiniz və bəyan edirsiniz ki, Qarabağ Ermənistana məxsusdur. Siz özünüz də bilirsiniz, amma etiraf etmirsiniz ki, Qarabağ Azərbaycanındır".

M.Savojifar qeyd edib ki, bütün dünya öz uydurduqları fantaziyanın içində batıb qalan ermənilərə gülür. Çünki Azərbaycan hücum etmək istəsəydi, bunu öz əzəli torpaqlarını qaytarmaq üçün Qarabağdan başlayardı. Los-Ancelesdə 50 dinc azərbaycanlı etirazçıya 3000 erməninin vəhşicəsinə hücum etməsi, öz xalqının ədalət səsini ucaldan azərbaycanlı qadının və kişinin xüsusi qəddarlıqla döyülməsi isə kimin təvavüzkar olduğunu açıq-aşkar göstərir:

"Siz iddia edirsiniz ki, "Azərbaycan təcavüzkardır", amma öz mağazasında dinc azərbaycanlıya hücum edirsiniz. Onu alçaldırdınız və özünü alçaltmasına məcbur edirdiniz, amma o, bunu etmədi. O, zərbələrə dözürdü, amma özünü alçaltmırdı.

Siz iddia edirsiniz ki, "Azərbaycan təcavüzkardır", amma azərbaycanlıların ünvanlarını söyləyən hər kəsə 500 dollar verməyi vəd edirsiniz.

Siz iddia edirsiniz ki, "Azərbaycan təcavüzkardır", amma özünüz Kiyevdə 4 azərbaycanlı tələbəyə atəş açırsınız.

Siz iddia edirsiniz ki, "Azərbaycan təcavüzkardır", amma bilirsiniz ki, biz öz torpaqlarımızın işğalına son qoymaq istəyirik.

Siz iddia edirsiniz ki, "Azərbaycan təcavüzkardır", amma əlləriniz yüz minlərlə azərbaycanlının qanına batıb", - deyə vurğulanıb.

Sonda ermənilər bu sirkəbənzər absurd hərəkətlərinə son verməyə çağırılıb, hər iki tərəfdə insanların əziyyət çəkdiyi, sülhün qiymətli dəyər olduğu, kinin, nifrətin yalnız ölüm gətirdiyi vurğulanıb, insanlara qarşı ayrı-seçkilik etməməyə və milliyyətə görə mühakimə yürütməməyə çağırış edilib.