Bu sözlər Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə İsraildə keçirilən aksiyada səsləndirilib.
Xatırladaq ki, İsrailin Tel-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və Azərbaycana dəstək məqsədi ilə yürüş-mitinq keçirilib.
"İsraildə Azərbaycan Evinin" təşkilatçılığı ilə gerçəkləşdirilən aksiyada 600 nəfərə yaxın Azərbaycan kökənli soydaşımız iştirak edib. Onların arasında İsrailin Karmiel, Akko, Krayot, Bat-Yam, Holon, Rişon-le-Zion şəhərlərindən gələnlər olub.
Yürüş-mitinq zamanı Azərbaycan və İsrailin dövlət bayraqları dalğalanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı həlak olan şəhidlərimizin şəkilləri və müxtəlif şüarların yazıldığı plakatlar nümayiş olunub, Azərbaycanın Dövlət Himni ifa olunub.
Sonda erməni kilsəsinin qarşısında toplaşan aksiya iştirakçıları Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pisləyiblər. Natiqlər Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Azərbaycan torpaqları olduğunu bir daha bəyan edərək, müstəqil Azərbaycan dövlətini dəstəklədiklərini ifadə ediblər. Onlar İsrail hökumətindən və dünya birliyindən Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistanın ciddi şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.
Aksiya boyu "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Erməni terroruna son!", "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq", "Xocalıya ədalət!", "Sən çağırsan gələrəm mən, yaşa doğma Azərbaycan!”, “Sənin üçün ölərəm mən, yaşa doğma Azərbaycan!" və sair şüarlar, "Azərbaycan!", "İsrail!" ifadələri səsləndirilib.
Yerli polis qüvvələrinin nəzarət etdiyi aksiya bəyanatın oxunması ilə başa çatıb.
Bəyanatda bildirilib ki, "İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, eləcə də bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın işğalçı qüvvələrinin həyasızcasına və azğıncasına törətdiyi hərbi təxribatları pisləyir və buna qəti etirazlarını bildirirlər. Qeyd edilib ki, məhz Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli cavabı ilə erməni işğalçıları geri oturdulub və böyük itkilər veriblər.
Soydaşlarımız, xüsusilə vurğulayıblar ki, əslən Azərbaycandan olan İsrail sakinləri Azərbaycan ordusunun uğurları və qəhrəmanlığı ilə fəxr edirlər. "Bu gün bizim diasporun İsraildə tərbiyə almış, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməyə hazır olan yeni gənc nəsli yetişib. Biz hamımız, əslən Azərbaycandan olan yəhudilər, 28 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gücümüz çatan səviyyədə töhfə verməyə hazırıq".