Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin 35 dinləyicisi tələbə adını qazanıb

09.08.2020

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) "Məntiq və riyaziyyat" kursunda təhsil alan 35 dinləyicisi ölkənin ali məktəblərinə qəbul olunub.

Tələbə adını qazanan azərbaycanlı gənclər ölkədə milli azlıqlar üçün nəzərdə tutulmuş 1+4 proqramına əsasən, yalnız məntiq və riyaziyyat fənnindən imtahan verməklə Gürcüstan universitetlərinə qəbul olunurlar. Ötən il proqram çərçivəsində GAİM-in 16 dinləyicisi tələbə adı qazanıb.

GAİM rəhbərliyi təhsil sahəsində qazandıqları uğur münasibətilə gəncləri və onların müəllimi Musa Ömərovu təbrik edib.

Qeyd edək ki, GAİM-də "Gənclər gələcəyimizdir – təhsil millətin gələcəyidir" layihəsi çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə müxtəlif tədris kursları həyata keçirilir.

Xatırladaq ki, 2019-cu ilin aprelində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneuli rayonunda GAİM-in açılış mərasimi keçirilib. Mərkəzin açılmasında məqsəd – Azərbaycan və Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahələrində mövcud münasibətlərin dərinləşdirilməsi, yerli azərbaycanlıların vətəndaş cəmiyyətinə inteqrasiyasıdır. Mərkəzdə Azərbaycan, gürcü və ingilis dili, Azərbaycan və Gürcüstan tarixi tədris olunur, bir sıra digər kurs və dərnəklər fəaliyyət göstərir, müxtəlif layihələr həyata keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi tələbə adını qazanmış azərbaycanlı gəncləri və onların valideynlərini, eləcə də GAİM-in kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır.