Almaniyanın Hamburq şəhərində ermənilərin təxribatçı hərəkətlərinə etiraz və müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə aksiya keçirilib.
"Qanzemarkt" meydanında gerçəkləşdirilən aksiya azərbaycanlı və türk icmalarının birgə təşkilatçılığı ilə baş tutub. "Qarabağ Azərbaycanın ürəyidir!" şüarının fonunda çıxış edənlər yerli sakinlərin diqqətini Ermənistanın işğalçı və təcavüzkar siyasət apardığına, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal etdiyinə cəlb ediblər. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində yaşayan dinc azərbaycanlılara qarşı amansız soyqırımı törədib. İşğal edilmiş ərazilərin dərhal azad olunmasına dair BMT-nin qəbul etdiyi 4 qətnamə və beynəlxalq təşkilatların qərarları olmasına baxmayaraq Ermənistan işğalçılıq siyasətini davam etdirir. Natiqlər bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddini artilleriya atəşinə tutması işğalçının azğınlaşmasının göstəricisidir.
Mitinq iştirakçıları Almaniya hökumətini və dünya birliyini Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının azad olunması, ərazi bütövlüyünün bərpa edilməsi və bölgədə sülhün bərqərar olması üçün qətiyyətli addımlar atmağa çağırıblar.