Qahirə Universitetinin ədəbiyyat fakültəsinin “Şərq dilləri” kafedrası Azərbaycan dili üzrə mütəxəssislərin hazırlanmasına xüsusi önəm verir.
Həmin fakültədə 2017-ci ildən başlayaraq Azərbaycan dilini tədris edən tədqiqatçı alim, “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov bildirib ki, elmi şüranın qərarına əsasən, maqistratura mərhələsində təhsilini davam etdirən tələbə Zeynəb Əlinin elmi işi üçün Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının "Ayrılan yollar" romanı seçilib. Artıq soydaşımızın tələbələri arasında ilk dəfə ərəb dilində "Azərbaycan dilinin qrammatikası" kitabını yazan da vardır.
Qeyd edək ki, Elmi Şura "Şərq dilləri" kafedrasının dosenti Samiya Cəlal və dr.Seymur Nəsirovun da elmi rəhbər təyin olunması barədə qərar qəbul edib. Azərbaycanlı alim bu etimada görə kafedranın türk dili şöbəsinin müəllimlərinə və rəhbəri professor Cəlal əl-Hifnəviyə öz dərin minnətdarlığını bildirib.
Qahirə Universitetində 500-dən çox tələbəyə Azərbaycan dili tədris edilir, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və həqiqətləri ilə bağlı geniş məlumatlar verilir. Dilimizi öyrənən tələbələrin bir qrupu hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində təhsilini davam etdirir. Burada azərbaycanlılarla yanaşı, dünyanın 27 ölkəsindən 300-dən çox tələbə müxtəlif ixtisaslar üzrə onlayn şəkildə ödənişsiz təhsil alır.