Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən azərbaycanlı icması işğalçı Ermənistanın son hərbi təxribatları ilə bağlı yerli və xarici təşkilatlara, eləcə də kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb.
Abu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi, şərqşünas, tədqiqatçı alim Şəhrizad Süleyman bildirib ki, bəyanatda Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində işğalçı Ermənistanın xaincəsinə hərbi təxribatlar törətməsinə, sərhədboyunca yerləşən hərbi obyektləri və yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoymasına, hərbçilərimizin və mülki əhalinin arasında ölüm və yaralanma hallarının baş verməsinə etiraz edilib. Ölkəmizin beynəlxalq miqyasda siyasi və iqtisadi uğurlarını həzm edə bilməyən işğalçı Ermənistan dövlətinin Cenevrə Konvensiyasının qaydalarını, beynəlxalq hüquq normalarını kobudcasına pozduğu və vandalizm aktlarını davam etdirdiyi vurğulanıb. Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, bölgədə sülhün bərqərar olması naminə dünya birliyindən qətiyyətli addımlar atılması tələb olunub.
Bundan başqa, BƏƏ-nin yerli mətbuatında – "əl-Fəcr" qəzetində və "Sharjah24", "Mebusiness.ae", "Uae_barq" kimi internet portallarında Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasəti, beynəlxalq hüquq normalarına və prinsiplərinə zidd əməlləri, Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Azərbaycanın əzəli torpaqları olması ilə bağlı müxtəlif məqalələr dərc olunub.