Niderland Krallığında fəaliyyət göstərən "Beynəlxalq Azərbaycan Xanımları Klubu"nun ("İnternational Azerbaijani Ladies Club") üzvləri pandemiya dönəmində fədakarlıq nümayiş etdirən həkimlərimizə dəstəklərini bildiriblər.
"Beynəlxalq Azərbaycan Xanımları Klubu"nda Türkiyə, Almaniya, Misir, Rusiya, Niderland, İsveç, Oman, Belçika, Nigeria, Çexiya, Almaniya, İngiltərə, Fransa, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri təmsil edən xanımlar hesab edirlər ki, qorxulu pandemiyanın həyatımızda davam etdiyi dönəmdə azərbaycanlı tibb mütəxəssisləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
Klubun rəhbəri Kəmalə Ceylinova deyib ki, harada yaşamaqlarından asılı olmayaraq, xanımlarımızın ürəyi Azərbaycanla döyünür və ölkələrarası sərhədlərin qapalı olduğu bu günlərdə klub üzvləri dəstəklərini ismarıc şəklində bildirmək qərarına gəliblər. "Allah xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun! Bütün həkimlərimizin yaxınlarına və doğmalarına səbr arzu edirik! Həkimlərimizə və bütün tibb işçilərimizə sonsuz minnətdarlığımızı bildiririk!, - deyə K.Ceylinova əlavə edib.
Qeyd edək ki, müxtəlif ölkələrdə yaşayan ziyalı qadınların daxil olduğu "Beynəlxalq Azərbaycan Xanımları Klubu" 25 may 2020-ci il tarixində Niderlandda rəsmi qeydiyyatdan keçib. Klubun məqsədi birlik, bərabərlik və həmrəylik göstərmək, fərqli layihələr həyata keçirməklə xaricdə Azərbaycanı tanıtmaq, sevdirmək və Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdırmaqdır.