Nəriman Nərimanovun 150 illik yubileyi Tbilisi və Marneulidə qeyd olunub

04.08.2020

Gürcüstanın paytaxtı Tbilisi şəhərində görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir N.Nərimanovun xatirə muzeyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

N.Nərimanovun xatirə muzeyində baş tutan tədbiri giriş sözü ilə GAİM-in icraçı direktoru Aygül İsayeva açıb. N.Nərimanovun həyat və yaradıcılığı barədə ətraflı danışan natıq onu Azərbaycan və Gürcü xalqlarının Dostluq Rəmzi adlandırıb.

Sonra N.Nərimanovun xatirə muzeyinin kuratoru Rəna Dəlivəlova, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin elmi işçisi Leyla Əliyeva, Gənc Vətənpərvərlər İctimai Birliyinin səlahiyyətli nümayəndəsi Tengiz Məmmədov, “Maarif” qəzetinin redaktoru Ələddin Qarabağlı, GAİM-in Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatma Əliyeva və digərləri çıxış ediblər. Onlar dahi şəxsiyyət kimi səciyyələndirdikləri N.Nərimanovun adının Gürcüstanda yaşadılmasının mühüm olduğunu vurğulayıblar.

Tədbir gənclərin N.Nərimanovun oğlu Nəcəfə ünvanladığı məktubu oxuması, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) üzvü və Drezden simfonik orkestrinin solisti, kamança ifaçısı Şəbnəm Asıfqızının musiqi parçaları səsləndirməsi ilə davam edib.

Yubiley tədbiri N.Nərimanovun Marneulidəki abidəsinin ziyarət edilməsi, önünə tər çiçəklər və əklil qoyulması ilə yekunlaşıb.