Azərbaycanlı tələbə Moskvada keçirilən "Çoxmillətli Qələbə" müsabiqəsinin qaliblərindən biri olub

04.08.2020

Rusiyada yaşayan gənc soydaşımız Elnur Əliyev II Dünya müharibəsində qələbənin 75 illiyi münasibətilə keçirilən "Çoxmillətli Qələbə" müsabiqəsinin qaliblərindən biri olub.

Moskvanın nüfuzlu "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin II kurs tələbəsi olan Elnur Əliyev bildirib ki, 2020-ci ilin aprelində elan olunmuş müsabiqəyə müharibədə qəhrəmanlıqla vuruşmuş babalarından bəhs edən hekayəni göndərib. Müsabiqənin məqsədi – II Dünya müharibəsi zamanı müxtəlif millətlərin nümayəndələrinin göstərdikləri qəhrəmanlıqlara, millətlərarası dostluğa və qarşılıqlı yardımlara diqqəti cəlb etmək olub.

Müsabiqənin təşkilatçıları – Moskva şəhər milli siyasət və bölgələrarası əlaqələr departamenti və "Beynəlxalq inteqrasiya texnologiyaları" qeyri-kommersiya fondunun soydaşımıza ünvanladığı məktubda bildirilib ki, müsabiqəyə daxil olan 1022 hekayədən 75-i seçilib, onların arasında E.Əliyevin müəllifi olduğu əsər də var. Bu kiçik əsərlər "Qələbənin unudulmaz hekayələri" almanaxında dərc olunacaq.

Qeyd edək ki, avqustun 6-da Rusiya Federasiyasının Ticarət-Sənaye Palatasının binasında müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək və qaliblərə təntənəli şəkildə diplomlar təqdim olunacaq.