Könüllülərlə “Diaspor fəaliyyətinin Azərbaycanın dövlət siyasətinə dəstəyi” mövzusunda görüş keçirilib

30.07.2020

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun könüllülərlə “Diaspor fəaliyyətinin Azərbaycanın dövlət siyasətinə dəstəyi” mövzusunda görüşü keçirilib. Videokonfrans formatında keçirilən görüşdə sədr Fuad Muradov Azərbaycanın diaspor siyasəti, pandemiya dövründə diaspor təşkilatlarının, eləcə də diaspor könüllülərinin fəaliyyəti barədə danışıb. O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çıxışlarında hər zaman könüllülərin fəaliyyəti vurğulanır. Komitə sədri Azərbaycan Ermənistan sərhəddinin Tovuz istiqamətində ermənilərin təxribatından sonra xaricdə yaşayan azərbaycanlıların keçirdiyi aksiyalar, xarici mətbuatda bu hadisələrlə bağlı çıxan məlumatlar barədə konfrans iştirakçılarına geniş məlumat verib. O, bir faktı diqqətə çatdırıb ki, Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə "Karabakh is Azerbaijan!" platformasında birləşən azərbaycanlı diaspor gəncləri iyulun 13-dən başlayaraq sosial şəbəkələrdə, xüsusilə twitter´də ölkəmizin dövlət sərhəddində Ermənistanın törətdiyi təxribatla bağlı həqiqəti əks etdirən informasiyalar paylaşıblar. Ölkəmizdə və xaricdə yaşayan gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəq dünya trendinə düşüb.

Könüllülər də öz növbəsində görüş üçün minnətdarlıq edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar.

Videokonfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri ilə yanaşı Diaspor könüllüləri, Miqrasiya könüllüləri, ASAN könüllüləri, DOST könüllüləri, QİDA könüllüləri, Könüllü gömrükçülər, aqrar inkişaf könüllüləri, nəqliyyat könüllüləri də olmaqla müxtəlif könüllü təşkilatlarından 100-ə yaxın gənc iştirak edib.