Azərbaycana qarşı erməni lobbisinin təxribatının qarşısını almaq məqsədilə Avstraliyanın Cənubi Uels vilayətinin parlamentinə (NSW Parliament) və İşçi Partiyasının (NSW Labor Part) lideri Codi Makkeyə məktub ünvanlanıb.
Avstraliya–Azərbaycan Assosiasiyasının prezidenti və Guney Azerbaycan Demokratik Turk Birliyi (GADTB) Beynəlxaq Əlaqələr Departamentinin sədri Mikayıl Oyta bildirib ki, erməni lobbisinin təsiri altında olan Avstraliya İşçi Partiyası vaxtilə Dağlıq Qarabağa qanunsuz səfər etmiş deputatı vasitəsilə parlamentə Azərbaycanın əleyhinə olan layihə təqdim edib. Layihədə bildirilir ki, guya Azərbaycan Ermənistan ərazisinə hərbi təcavüz edib və Türkiyə də erməniləri soyqırıma məruz qoymaq məqsədilə Azərbaycana yardıma gəlib.
Erməni lobbisinin Azərbaycana qarşı bu təxribatı isə Avstraliyada yaşayan azərbaycanlıların ciddi narahatlığına səbəb olub. Avstraliya–Azərbaycan Assosiasiyası və GADTB-nin təşəbbüsü ilə bu ölkədə fəaliyyət göstərən bir neçə təşkilat – Avstraliya Türk Vəkillik İttifaqı, Avstraliya Ələvi Mədəniyyət Mərkəzi və Avstraliya Azərbaycan Mədəniyyət Birliyi – erməni lobbisinin təxribatının qarşısını almaq məqsədilə Cənubi Uels Vilayətinin parlamentinə (NSW Parliament) və İşçi Partiyasının lideri Codi Makkeyə eləcə də digər millət vəkillərinə müraciət edib.
Müraciətdə bildirilib ki, layihədə göstərilənlər həqiqətə uyğun deyil, çünki Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərini işğal edib və iyulun 12-dən başlayaraq isə Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddində hərbi təxribatlar törədib. Azərbaycanın sərhədyanı hərbi obyektlərinə və yaşayış məntəqələrinə endirilən artilleriya zərbələri nəticəsində azərbaycanlı hərbçilər və dinc sakinlər həlak olub, mülki vətəndaşlara ciddi zərər dəyib. Soydaşlarımız xatırladıblar ki, erməni silahlı birləşmələrinin işğal etdiyi Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 4 qətnaməsi mövcuddur.
Müraciət müəllifləri Avstraliya parlamentini işğalçı Ermənistanın deyil, Avstraliyanın dövlət maraqlarına cavab verən xarici siyasəti müdafiə etməyə çağırıb.
Hazırda soydaşlarımız erməni təxribatının qarşısını almaq üçün avstraliyalı parlamentarilərlə görüşlər keçirməyi planlaşdırırlar.