Azərbaycanlı professor: ....Ən yaxın qələbə bizim qələbəmizdir

30.07.2020

Dünyanın tanınmış ali təhsil ocaqlarında çalışan azərbaycanlı ziyalılara, ölkəmizlə bağlı həqiqətləri dünyaya bəyan edən soydaşlarımıza Ermənistanla aparılan informasiya müharibəsinin diaspor cəbhəsindəki generalları demək olar. Yaşadıqları ölkələrin mediasında, böyük auditoriyalarda çıxışlar edən aydınlarımız Azərbaycan həqiqətlərinin təbliğində, ölkəmizin maraqlarının müdafiəsində əvəzsiz rol oynayır. Tovuz döyüşlərindən sonra bu istiqamətdə fəaliyyətini gücləndirən ziyalılarımız hesab edir ki, Ermənistanın son təcavüz aktı dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaradıb və milli birliyimizi gücləndirib. Onlar xalqımızın ədalətli mübarizəsinin gec-tez zəfər calacağına, Ermənistanın isə insanlığa zidd olan bütün cinayətlərinə görə cəzasız qalmayacağına inamlarını ifadə ediblər.

Ukrayna Milli Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor Arif Quliyev hesab edir ki, faşist rejiminin növbəti təxribatı – Azərbaycanın sərhəd rayonu Tovuza hücumu bütün insanlığa qarşı cinayətdir: “Azərbaycanın dinc əhalisinə qarşı hücum hərbi cinayətdir, buna görə Ermənistan qınanmalı, bu ölkəyə iqtisadi sanksiyalar tətbiq olunmalıdır. Həmçinin, bu ölkə Avropa və ATƏT tərəfdaşlarının siyasi dəstəyindən məhrum olmalıdır, əks halda bu, Brüsselin Qərbi Avropada regional sabitliyin və iqtisadi tərəqqinin qorunmasına böyük töhfə verən sülhsevər Azərbaycanı müdafiə etmək istəməməsi deməkdir. Azərbaycan Avropanın yeganə ölkəsidir ki, suveren ərazisinin iyirmi faizdən çoxu Ermənistanın faşist silahlı qüvvələri tərəfindən otuz ildən çoxdur qanlı işğala məruz qalıb…

Ermənistan rəhbərliyi əmin olsun ki, Azərbaycanın hər bir vətəndaşı Azərbaycan ordusunun cəbhədə göstərdiyi yüksək sədaqəti, cəsarəti təqdir edir və dəstəkləyir. Çünki Azərbaycanın mövqeyi ədalətin mövqeyidir və beynəlxalq hüquqa əsaslanır.

Qoy işğalçı siyasətini davam etdirən və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində işğalın nəticələrini möhkəmləndirməyə çalışan Ermənistan əmin olsun ki, bu siyasət utanc, süqut və özünüməhvdən başqa bir şey vəd etmir. Onların hərəkətləri mütləq cəzalanacaqdır. Hər hansı bir işğal vəziyyətində olduğu kimi, Ermənistanın da işğalı müvəqqətidir və bu ölkə bütün qanunsuz əməllərə görə cavab verəcəkdir”.

Türkiyədə çalışan həmyerlimiz, tibb elmləri doktoru, professor Adil Allahverdiyev: Azərbaycan ordusunun yüksəkrütbəli hərbçiləri və əsgərlərinin şəhid olması ilə nəticələnən Tovuz döyüşləri nə qədər ağır olsa da, əslində Azərbaycanın, Milli ordumuzun, xalqımızın və dünyada yaşayan azərbaycanlıların böyük bir qələbəsi oldu: “Bu hadisə Azərbaycanda yaşayan və dünyaya səpələnmiş xalqımızı bir yumruq halına gətirdi, onu ölkəmizin, dövlətimizin, Ali Baş Komandanın ətrafında daha da sıx birləşdirmiş oldu. Ermənistan isə dövlət sərhəddini pozmaqla bəlli bir bölgəni və ya yüksəklikləri işğal edərək aparılan sülh danışıqlarına mane olmaq və eyni zamanda üzv olduğu müxtəlif iqtisadi-siyasi təşkilatları prosesə cəlb etmək kimi məqsədlərinə çata bilmədi. Azərbaycan ordusunun aprel döyüşlərindən də daha güclü mövqe ortaya qoyması 50 milyonluq Azərbaycan xalqında böyük bir ruh yüksəkliyi yaratdı və milli birliyə təkan verdi. Soydaşlarımızın ayrı-ayrı ölkələrdə Ermənistanın təcavüzünü dünya ictimaiyyətinin diqqətinə çatdırması üçün atdığı addımlar da Ermənistanın işğalçılıq siyasətinin və Azərbaycan üzərində qurduğu xəyalların artıq sona doğru yaxınlaşmasını sürətləndirdi. Əminəm ki, Azərbaycan xalqı ilə dövlətimizin, ordumuzun birliyi qələbə günümüzü daha da yaxınlaşdırır. Ən yaxın qələbə bizim qələbəmizdir”.

Londonda yaşayan azərbaycanlı hüquqşünas Rauf Xəlilov da Ermənitsanın Azərbaycana qarşı təxribatını və qünahsız insanların qətlə yetirilməsini birmənalı olaraq qınayır: “Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı təxribatı, dinc sakinlərə atəş açaraq onları qətlə yetirməsi cinayətdir. Bu cinayətə görə Ermənistan rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Xaricdə yaşasaq da bütün fikrimiz və dualarımız Azərbaycanladır. Şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi qarşısında baş əyirəm və kədəri bölüşürəm”.

Şimali Kipr Türk Cumhurriyyəti Doğu Akdeniz Universitetinin professoru Ağamirzə Bəşirov bütün dünyanın COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı dövrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddini pozaraq atəş açması, bu təxribat nəticəsində dinc sakinlərin və hərbçilərimizin şəhid olmasını ürəkağrısı ilə qarşıladıqlarını bildirir: “Biz Ermənistan silahlı qüvvələrinin təcavüzkar əməllərini şiddətlə qınayırıq. Bu toqquşmada həyatını itirənlərin ailələrinə başsağlığı verir, kədərləndiyimizi bildiririk. Bu münaqişə həll edilməli, Azərbaycana qarşı ədalətsizlik aradan qaldırılmalıdır. Azərbaycan bölgədə barışın, sülhün olmasını istəyir. Biz bütün qonşularımızla sülh içərisində yaşamaq, birlikdə ortaq rifaha doğru irəliləmək istəyirik”.