İyulun 27-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə “Dünya azərbaycanlıları təxribatlara qarşı" mövzusunda videokonfrans keçirilib.
Videokonfransda YAP Gənclər Birliyinin üzvləri, Milli Məclisin deputatları, Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsiçiləri iştirak ediblər.
Tədbirdə Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov, Milli Məclisin deputatları Naqif Həmzəyev və Bəhruz Məhərrəmov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Azərbaycan Diaspor Könüllüləri proqramının koordinatoru Bəxtiyar Rəhimov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, ASAN Könüllüləri təşkilatının sədri Səbinə Cabbarova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, YAP Gənclər Birliyi ofisinin rəhbəri Elmar Məmmədov, “Cavan” təşkilatının sədri Murad Ağabəyli, Real TV-nin Avropa üzrə müxbiri Xatirə Sərdarqızı, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin regional bölməsinin sədri Toğrul Həsənzadə, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədri Daməd Əsgərov, Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi təşkilatının sədri Təbriz Cəfərov, Fransada Azərbaycanın Dostları Assosiasiyasının katibi Mirvari Fətəliyeva, Azərbaycanlı Gənclər Birliyinin sədri Elman Manafov, Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti Murad Sadıqzadə, İsveç Azərbaycanlı Gənclər təşkilatının sədri Ayda Amir Haşimi çıxış ediblər.
Natiqlər bildiriblər ki, tarixboyu çətinliklərdən keçmiş, ağır sınaqlarla üzləşmiş Azərbaycan xalqı bu gün də bir yumruq kimi sıx birləşərək qələbəyə nail olmalı və üçrəngli bayrağımızı əzəli ərazilərimiz olan Qarabağda dalğalandırmalıdır. Ermənilərin son hərbi təxribatlarından sonra dünyanın bir çox ölkələrinin paytaxt və şəhərlərində Ermənistanın səfirlikləri və konsulluqları qarşısında icazəli etiraz aksiyalarının keçirildiyi, soydaşlarımızın Vətənimizin haqlı səsini dünya ictimaiyyətinə çatdırmaqla və Prezidentimizin hər bir tapşırığını yerinə yetirməyə hazır olduqlarını bildirməklə vətənpərvər mövqeyini nümayiş etdirdikləri bildirilib.
Xaricdə keçirilən etiraz aksiyalarının önəmini qeyd edənlər faşist ideologiyasının quluna çevrilən ermənilərin dünyanın bir sıra ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı zorakı hərəkətlərini terror hadisəsi kimi səciyyələndiriblər. Mənfur düşmənin öz diasporu vasitəsi ilə dünya azərbaycanlılarının həmrəyliyinə kölgə salmaq üçün Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərimizə qarşı təxribatçı əməllər törətməsi sərt şəkildə pislənilib. Aksiya iştirakçılarına fiziki güc tətbiq etməklə və xəsarətlər yetirməklə soydaşlarımızın sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqlarının kobud şəkildə pozulduğuna diqqət cəlb edilib.
Hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduqlarını bəyan edən soydaşlarımıza ermənilərin təxribatlarına uymamaq, qarşıdurmalarda iştirak etməmək çağırışları edilib. Bu çür təxribatların Azərbaycana heç bir fayda gətirməyəcəyi bildirilib, barbarlıq edən ermənilərə qarşı mübarizəni hüquqi müstəvidə aparmaq, Azərbaycan həqiqətlərinin təbliğ olunması ilə bağlı fəaliyyəti daha da gücləndirmək və birgə hərəkət etmək tövsiyə olunub.
Bu gün dünya ictimaiyyəti insan hüquqlarını ali dəyər kimi qəbul etdiyi halda, beynəlxalq hüquq normalarına arxa çevirən Ermənistanın demokratik dəyərləri təhdid etdiyini, insan hüquq və azadlıqlarını kobud şəkildə pozduğunu nəzərə çatdıran natiqlər bu mövzuda hər zaman həssaslıq nümayiş etdirən beynəlxalq qurumlar və beynəlxalq hüquq-müdafiə təşkilatlarını Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməyə, qəbul edilən qətnamələrə hörmətlə yanaşmağa çağırıblar.