Rusiyanın Azərbaycanlı Diaspor Təşkilatları Konfederasiyası soydaşlarımıza müraciət edib

28.07.2020

Rusiyanın Azərbaycanlı Diaspor Təşkilatları Konfederasiyası bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinə müraciət ünvanlayıb.

Azərbaycanlı Diaspor Təşkilatları Konfederasiyasının sədri akademik Fazil Qurbanovun imzaladığı müraciətdə deyilir ki, Ermənistanın siyasi rəhbərliyi fitnəkar əməlləri ilə Rusiya, Türkiyə və İranı Cənubi Qafqazda münaqişəyə cəlb etmək cəhdi göstərir. Lakin bu plan baş tutmayıb. Tovuz istiqamətində növbəti təcavüz təxribatı Azərbaycan ordusunun güclü zərbələri ilə dəf edilib.

Dünyada ən böyük azərbaycanlı diasporunun məhz Rusiyada yaşadığına diqqəti cəlb edən akademik soydaşlarımızdan təxribatlara uymamağın, qarşıdurmaya getməməyin, azərbaycanlı gənclərin sağlamlığına, həyatına təhlükələri sovuşdurmağın tələb edildiyini bildirib.

Qeyd edilib ki, Rusiya dövlətinin cəmiyyəti sarsıtmaq, qeyri-sabitlik yaratmaq cəhdinə layiqincə cavab verməyə hər cür imkanları var və bütün məsələlər yerlərdə müvafiq dövlət qurumlarına müraciət yolu ilə həll edilməli, azərbaycanlı icmaların ağsaqqalları gənclərimizlə izahat işləri aparmalıdırlar. "Qoy gənclərimiz öz bacarıq və əhəmiyyətini olimpiadalarda, müsabiqələrdə, idman yarışlarında, təhsildə göstərsinlər. Çalışın insanlara lazımlı, faydalı olasınız! Bu gün bu, daha çox vacibdir!", – deyə sonda tövsiyə olunub.