Avstraliyanın federal parlamentinə ermənilərin “ASALA” niyyəti barədə müraciət ünvanlanıb

27.07.2020

Sidneydə fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) bu ölkənin federal parlamentinə ermənilərin “ASALA” terror təşkilatını bərpa etmək niyyəti barədə müraciət edib.

AAA-nın sədri Mikayıl Oyta bildirib ki, məqsəd – son günlər Ermənistanın hərbi təxribatları və təcavüzkar siyasəti ilə bağlı dünyanın bir sıra ölkələrində dinc etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı ermənilərin törətdikləri vandalizm aktlarına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.

Müraciətdə qeyd edilib ki, ABŞ-ın Los-Anceles şəhərində keçirilən aksiyada ermənilərin üzərində terrorçu təşkilat olan “ASALA” (“Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu”) sözünün yazıldığı köynəklərdə peyda olması və internetdə bunu sübut edən fotoların yayılması dərin narahatlıq hissi yaradıb. Həmin aksiya zamanı 3 mindən çox erməninin polis səddini aşaraq, qarşıdakı küçədə sakit dayanmış 50 azərbaycanlıya hücum etməsi nəticəsində altı nəfərin, o cümlədən azərbaycanlı qadının xəstəxanaya yerləşdirildiyi, onlardan birinin hələ də reanimasiya şöbəsində olduğu, belə cinayət əməlinin Belçikanın Brüssel şəhərindəki Azərbaycan səfirliyinin ərazisində olan soydaşlarımıza qarşı təkrarlandığı bildirilib.

Hazırda Los-Anceles polisinin bu hücumu azərbaycanlılara qarşı nifrət zəminində törədilmiş cinayət kimi araşdırdığına diqqəti cəlb edən AAA qeyd edib ki, iyulun 12-dən sonra Avropanın bir çox şəhərlərində keçirilən etiraz aksiyaları zamanı ermənilər dinc azərbaycanlı nümayişçilərinə vəhşicəsinə hücum ediblər. Onlar aksiyalardan sonra xaincəsinə azərbaycanlıları təqib ediblər, müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Bütün bu insidentlər barədə internetdə çoxsaylı video materiallar yayılıb.

Sənəddə yada salınıb ki, "ASALA" 1975–1990-cı illərdə bütün dünyada terror aktlarını əlaqələndirən bir neçə erməni terror təşkilatlarından biridir. Xüsusi amansızlığı ilə fərqlənən bu təşkilat 46 nəfərin həlak olduğu, 229 nəfərin yaralandığı qətl hadisələrinə və partlayışlara görə məsuliyyət daşıyır. Buraya 1983-cü ildə günahsız insanların ölümü və yaralanması ilə nəticələnən Fransanın Orli hava limanının, Cenevrə otelinin partladılması, bütün dünyada "erməni işi" ilə razılaşmayan türk diplomatlarının vəhşicəsinə qətlə yetirilməsi daxildir.

AAA göstərib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 1984-cü ildə tərtib etdiyi və 2010-cu ildə məxfiliyi üzərindən götürdüyü “Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu: davam edən beynəlxalq təhlükə” adlı hesabatında 1970-ci ildən başlayaraq Avropa hökumətləri ilə erməni terror təşkilatları arasında qeyri-rəsmi razılaşmanın mövcud olduğu barədə ətraflı məlumat verilib. MKİ bildirib ki, qeyri-rəsmi razılaşmalar terror aktlarının Avropada yalnız türk diplomatlarının qətlə yetirilməsinə yönələnə qədər davam etdirilməsinə imkan verdi.

Qeyd edilib ki, 1980-ci illərdə Avstraliyanın Sidney və Melburn şəhərlərində türk diplomatlara qarşı törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürən “ASALA”nın heç bir terrorçusu həbs olunmayıb.

Azərbaycanlı və türk icmalarının bu hadisələri 2020-ci ildə də yaxşı xatırladıqlarını vurğulayan müraciət müəllifləri Avstraliya parlamentarilərini sayıqlıq nümayiş etdirməyə, erməni terrorunun qarşısını almağa, ölkə daxilində və xaricində baş verən təcavüz aktlarını pisləyən bəyanatlarla çıxış etməyə çağırıblar.

Onlar həmçinin Ermənistandan Azərbaycana qarşı apardığı işğalçı siyasətdən, qonşu dövlətlərin ərazilərinin işğalı yolu ilə "Böyük Ermənistan" yaradılması xülyasına xidmət edən sərsəm ideyasından əl çəkməyi tələb ediblər. Bildirilib ki, regionda sülhün bərqərar olması məhz Ermənistanın ekspansionist siyasətindən əl çəkməsi nəticəsində mümkün ola bilər.

Müraciətə ermənilərin vandalizm hərəkətlərini təsdiqləyən fotolar da əlavə edilib.