Fransalı parlamentarilər Ermənistanın işğalçı siyasətinə son qoyulmasına çağırış edib

25.07.2020

Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri olan deputatlar və senatorlar Azərbaycan-Ermənistan sərhəddində Ermənistan tərəfindən törədilmiş təxribat əməlləri ilə bağlı ölkə prezidendi Emmanuel Makrona müraciət ünvanlayıb. Deputatlar Guy Bricout, Jean Pierre Door, Jerome Lambert, Jean-Luc Reitzer, senatorlar Alain Houpert, Andre Reichardt tərəfindən imzalanmış müraciətdə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayonunu 30 ilə yaxındır işğal altlında saxladığı vurğulanıb.

Bildirilib ki, son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələri atəşkəsi pozub. Ermənilərin törətdiyi təxribat nəticəsində 12 hərbiçi və 1 nəfər mülki şəxs həlak olub.

Eyni zamanda, Fransanın Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirak etdiyi qeyd edilib. BMT TŞ və Baş Assambleyası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qəbul olunmuş qətnamələrə məhəl qoyulmadığı açıqlanıb.

Müraciətçilər Fransa daxil olmaqla beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün təzyiq göstərilməsinə çağırıb. Fransa prezidentindən Minsk qrupunun həmsədri və BMT TŞ-in daimi üzvü kimi təxirəsalınmaz addımlar atılması xahiş olunub.