Praqada soydaşlarımız etiraz aksiyası keçirib

25.07.2020

Çex Respublikasının paytaxtı Praqa şəhərində Ermənistan silahlı qüvvələrinin ölkəmizin dövlət sərhəddində hərbi təxribatlar törətməsinə və Azərbaycana qarşı işğalçılıq siyasəti aparmasına etiraz əlaməti olaraq aksiya keçirilib.

“Çex Respublikasındakı Azərbaycan İcması”nın sədri Eldar Vəliyev bildirib ki, soydaşlarımız bu aksiyanı ölkəmizin Praqada yerləşən səfirliyi önündə keçirməli olublar. Buna səbəb vandal və barbarlıq hərəkətləri ilə tanınan ermənilərin Azərbaycanın Cexiyadakı səfirliyinin binası qarşısında etiraz aksiyasına toplaşacağı xəbəri olub. Praqa və Brno şəhərlərində yaşayan 200 nəfərədək azərbaycanlı Vətənimizə dəstəyini ifadə etmək üçün səfirliyimizin binası qarşısına toplaşıb.

Azərbaycan, Türkiyə və Çexiyanın dövlət bayraqlarının dalğalandığı aksiyada Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin şəkilləri və müxtəlif şüarların yazıldığı plakatlar nümayiş etdirilib. Soydaşlarımız "Qarabağ Azərbaycandır!" şüarının əks olunduğu iri posteri isə səfirliyin balkonundan asıblar.

Türkiyənin Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağış da aksiyaya qatılıb. Əlində Türkiyənin dövlət bayrağını tutan diplomat azərbaycanlıların yanında dayanmaqla ermənilərin qarşısında olduğunu nümayiş etdirib. Egemen Bağış ölkəmizin Çexiyadakı səfiri Adış Məmmədovla əl-ələ verərək aksiyaçıları dəstəklədiklərini ifadə edib.
Azərbaycanın diplomatik nümayəndəliyinin qarşısında toplaşan azsaylı erməni icması isə həmvətənlərimizin vətənpərvərlik ruhunun qarşısında aciz və zavallı duruma düşüblər.

"Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Ermənistan terrorçudur!", "Ermənistana ar olsun!", "Yaşasın Azərbaycan!", “Bir millət iki dövlət”, “Türkiyə-Azərbaycan qardaşdır!” kimi şüarları uca səslə və fasiləsiz olaraq səsləndirən həmvətənlərimiz xalqımızın, eləcə də Azərbaycanın və Türkiyənin birliyini və həmrəyliyini nümayiş etdiriblər.

Aksiya iştirakçıları dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın işğalçılıq siyasətinə və təxribatlarına son qoyulması üçün qətiyyətli addımların atılmasını tələb ediblər.

Yerli polisin nəzarət etdiyi aksiya insidentsiz başa çatıb. Soydaşlarımız isə şəhər istiqamətində yürüş ediblər və Praqanın mərkəzi küçələrində şüarları səsləndirməklə paytaxt ictimaiyyətinin diqqətini Azərbaycanın haqlı mövqeyinə, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə cəlb ediblər.