Nyu-Yorkda Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi və konsulluğu önündə etiraz aksiyaları keçirilib

24.07.2020

İyulun 24-də ABŞ-ın Nyu York şəhərində ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.

Azərbaycan–Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən ilk aksiya Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi önündə baş tutub. Etiraz aksiyasında 150 nəfərə yaxın soydaşımız iştirak edib. Onların arasında Amerikanın Nyu Cersi, Pensilvaniya, Massaçusets və Virciniya ştatlarından gələn azərbaycanlılar olub.

Aksiya Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla anılması, Azərbaycanın dövlət himnini səsləndirməsi ilə başlayıb. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının dalğalandığı aksiyada “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan, rədd ol Azərbaycandan!!”, Ermənilər, siz soyqırımda günahkarsız", "Ermənilər körpələrin qatilləridir!", "Ermənistan terrorçudur!", "Qarabağ bizimdir, bizim olacaq!" və sair şüarlar, "Qarabağ!", "Azərbaycan!" və "Azərbaycan-Türkiyə!" kəlmələri davamlı olaraq səsləndirilib.

Aksiya boyu üzərində Azərbaycanın xəritəsinin, Qarabağ həqiqətlərinə dair tarixi faktların və “Ermənistanın təcavüzkar siyasətinə son!” şüarının əks olunduğu Led ekranlı avtobus BMT nümayəndəliyinin qarşısında hərəkət edib. Bu avtobus gün ərzində Bruklin və Manhetten, eləcə də ermənilərin sıx yaşadığı əraziləri dolaşaraq Nyu-York sakinlərinin diqqətini cəlb edib.

Tədbir “Şəhidlər ölməz, Vətən bölünməz” şüarının səsləndirilməsi Azərbaycanın dövlət himninin bir daha ifa olunması ilə başa çatıb.

Sonra azərbaycanlı icmasının üzvləri yürüş edərək növbəti etiraz aksiyasını Ermənistanın Nyu-Yorkdakı konsulluğu qarşısında davam etdiriblər. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarını əllərində tutan soydaşlarımız burada azsaylı erməni icması ilə üzbəüz küçədə dayanıblar. Aksiya zamanı azərbaycanlılar "Ermənistan işğalçıdır!", "Paşinyan terrorçudur!", "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağ Azərbaycandır!", "Yaşasın, Azərbaycan!", "Ermənistana ar olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Xocalıya ədalət!" "Vur, keç səngəri, Azərbaycan əsgəri!" şüarlarını, "Azərbaycan!", "Qarabağ!", "Azərbaycan-Türkiyə!", "General Həşimov", "Mübariz İbrahimov" sözlərini fasiləsiz olaraq birlikdə səsləndirməklə Ermənistanın hərbi təxribatlarına və işğalçılıq siyasətinə kəskin etirazlarını ifadə ediblər. Azərbaycanlı icmanın haqlı mövqeyi qarşısında ermənilər səslərini çıxara bilməyiblər.

Yerli polis aksiyaya nəzarət edib, aksiya insidentsiz başa çatıb.