Kişinyovda Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyası keçirilib

24.07.2020

Moldovanın paytaxtı Kişinyov şəhərində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatlarına etiraz, Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə dinc yürüş keçirilib.

Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan icazəli yürüş Azərbaycanın Moldovadakı səfirliyinin önündən başlayıb. Burada Azərbaycan səfiri Qüdsi Osmanov ilə görüşən həmvətənlərimiz Azərbaycan hökümətini dəstəklədiklərini ifadə ediblər. Azərbaycanlı diplomat aksiya iştirakçılarını dinc etiraz keçirməyə, hər hansı təxribata reaksiya verməməyə və qanun çərçivəsində hərəkət etməyə çağırıb.

Sonra azərbaycanlı icmanın 50-yə qədər təmsilçisi Ermənistan səfirliyinin qarşısına yürüş ediblər. Aksiya iştirakçılarının təqdim etdikləri bəyanatda Ermənistanın törətdiyi hərbi təxribatlar və işğalçı siyasəti pislənilib, Azərbaycan torpaqlarının azad olunması tələb olunub. Sənəddə Ermənistanın işğalçı siyasətinə son qoyulması və təcavüzkar əməllərinə görə sərt şəkildə cəzalandırılması, işğal edilmiş torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına dönməsi üçün Moldova höküməti, dünya birliyi və beynəlxalq təşkilatlar qətiyyətli addımlar atmağa çağırılıb.

Yerli polis qüvvələri erməni təxribatçılarının aksiyanın gedişinə müdaxilə cəhdinin qarşısını alıblar.