Azərbaycanlı gənclərin beynəlxalq həmrəylik forumu keçirilib

24.07.2020

İyulun 23-də “Qarabağ – azərbaycanlı gənclərin həmrəylik amili” mövzusunda onlayn beynəlxalq həmrəylik forumu keçirilib.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Gənclər Fondunun birgə təşkliatçılığı ilə baş tutan foruma 400 nəfərdən çox gənc qatılıb.

Almaniyada yaşayan diaspor üzvü Nigar İbrahimovanın moderatorluğu ilə aparılan tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, "Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev, gənclər təşkilatlarının rəhbərləri, Avstraliya, İtaliya, Rusiya, Fransa, İsveçrə, Almaniya, Macarıstan, Ukrayna, Avstriya və Polşada fəaliyyət göstərən diaspor təşkilatlarının gənc üzvləri, eləcə də Azərbaycan Diaspor Könüllülərinin təmsilçiləri çıxış ediblər.

Natiqlər ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatlara etirazlarını bildirmək məqsədi ilə xaricdə yaşayan soydaşlarımızın böyük həmrəylik və birlik nümayiş etdirmələrini qürurverici hərəkət adlandırıblar. Dünyanın müxtəlif ölkələrində keçirdikləri etiraz aksiyaları zamanı həmvətənlərimizin dünya birliyinə və beynəlxalq təşkilatlara həqiqətləri çatdırması, Ermənistan dövlətinin işğalçılıq siyasətini kəskin şəkildə pisləyərək, Azərbaycan dövlətinə, prezidentinə, xalqımıza və ordumuza dəstək nümayiş etdirməsi müsbət qiymətləndirilib.

Ermənistanın ölkəmizə qarşı xaincəsinə apardığı hərbi və informasiya savaşı fonunda birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinin, müxtəlif ölkələrdə keçirilən tədbirlərdə və sosial media şəbəkələrində ermənilərin dezinformasiyalarının və feyk xəbərlərinin qarşışının çox çevik şəkildə alınmasının önəmi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənsitan dövlətinin işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq səviyyədə ifşa olunması baxımından gənclərin üzərinə böyük vətəndaşlıq vəzifəsinin düşdüyü vurğulanıb.

Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində ermənilərin son hərbi təxribatlarının dəf edilməsi və düşmənə layiqli cavab verilməsi bütün dünyada yaşayan soydaşlarımız arasında vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olub. Hazırda müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların dövlətimizin atdığı addımlara dəstək və həmrəylik ifadə etdiyinə diqqət cəlb edilib.

Tədbir iştirakçıları informasiya müharibəsində üstünlüyə nail olmaq məqsədilə gənclərin fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsinin mühüm olduğunu söyləyərək, Vətən naminə bütün səylərini və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini bəyan ediblər.

Forumun sonunda Bəyanat qəbul edilib. Forum sosial media şəbəkələrində canlı yayımlanıb və minlərlə insan tərəfindən izlənilib.