Türkiyənin Manisa şəhərində ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın xaincəsinə hərbi təxribatlar törətməsinə və Azərbaycan torpaqlarının işğalda saxlanmasına etiraz əlaməti olaraq aksiya keçirilib.
15 iyul Demokratiya meydanında baş tutan etiraz aksiyası Manisa–Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşdirilib. Şəhərin yerli dövlət orqanlarının və vətəndaş cəmiyyətinin qatıldığı aksiya Azərbaycan və Türkiyənin dövlət bayraqlarının qaldırılması və dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra Türk dünyasının bütün şəhidləri üçün dualar oxunub.
Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yalçın Taşdemir çıxış edərək, bütün Türk dünyasının Ermənistanın işğalçı siyasətini və hərbi təxribatlarını şiddətlə qınadığını bildirib. Prezident İlham Əliyevin Soçidəki Valday beynəlxalq diskussiya klubunun 16-cı toplantısında, Aşqabaddakı MDB dövlət başçıları Şurasının məhdud tərkibli iclasında, Münhen Təhlükəsizlik Konfransında çıxışları zamanı Ermənistanı təcavüzkar siyasətdə sərt şəkildə ittiham etməsi, beynəlxalq təşkilatlarda Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarların qəbul edilməsi Ermənistan hökümətini və erməni lobbisini çətin duruma salıb. Azərbaycan ordusunun Ermənistanın iyul təxribatlarının qarşısını alması və ona layiqli cavablar verməsi isə ermənilərin havadarlarını çiddi narahat edir.
"Ermənilər bilməlidir ki, Azərbaycan yalnız deyil. Azərbaycanın düşmənə verəcək bir qarış torpaq deyil, bir çınqıl daşı belə yoxdur. 81 milyonluq Türkiyə və 300 milyonluq Türk Dünyası ilə haqlı davasında Azərbaycanın yanındayiq. Hörmətli Prezident İlham Əliyevdən bir işarə gözləyirik. Biz Ermənistanı xəbərdar edirik. Bölgədə davamlı sülhün olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməlidir", - deyə bildirib.
Aksiya Azərbaycana dəstək şüarlarının səsləndirilməsi ilə başa çatıb.