Bostonda yaşayan soydaşlarımız ABŞ senatoruna etirazlarını bildiriblər

24.07.2020

Massaçusets ştatının paytaxtı Boston şəhərində azərbaycanlı gənclər Ermənistanın son hərbi təxribatları ilə bağlı ədalətsiz və ermənipərəst mövqe sərgiləyən ABŞ senatoru Edvard Con Markiyə (Edvard John Markey) qarşı etiraz akiyası keçirib.

Konqresin binası qarşısında gerçəkləşdirilən aksiyada gənclərimiz amerikalı senatora Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin xaincəsinə hərbi təxribatlar törətdiyini, artilleriya zərbələri nəticəsində sərhədyanı hərbi obyektlərin və yaşayış məntəqələrinin dağıdıldığını, hərbçilərimizin və dinc sakinlərin həlak olduğunu xatırladıblar.

Onlar müstəqil Azərbaycan dövlətinin vassal və işğalçı Ermənistanın hücumuna məruz qaldığını nəzərə çatdıraraq, 2013-cü ildən Massaçusets ştatından ABŞ senatoru olan Edvard Con Markinin mövqeyini ədalətsiz və haqsız adlandırıblar.

Aksiyaçılar senatora Bostonda yaşayan 30 min erməninin haqq və ədalətə söykənməyən, beynəlxalq hüquq və normalara zidd olan istəyinə görə deyil, tarixi faktları araşdırıb ədalətli mövqe nümayiş etdirməyə dəvət ediblər: "Biz Amerika demokratiyasına inanırıq və Sizdən ədalətli mövqe gözləyirik".

Aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycan əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyini, BMT və digər nüfuzlu beynəxalq təşkilatların qətnamələrinə və qərarlarına məhəl qoymadan beynəlxalq hüquq normalarını və bəşəri dəyərləri kobudcasına pozaraq, Azərbaycanın işğal olunmuş torpaqlarını uzun illərdir tərk etmədiyini yada salıblar. Onlar ABŞ Konqresindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, bu təcavüzkar dövlətin ən sərt şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atmağı tələb ediblər. Tədbir "Azərbaycana ədalət!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!", "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!" süarlarının səsləndirilməsi ilə insidentsiz başa çatıb.