Almaniyanın paytaxtı Berlin şəhərində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatları və ölkəmizə qarşı təcavüzkar siyasəti ilə əlaqədar növbəti etiraz aksiyası keçirilib.
Şəhərin Brandenburq qapıları önündəki Paris meydanında baş tutan aksiya Berlindəki Azərbaycan Evi və azərbaycanlı icmasının üzvlərinin təşkilatçılığı ilə gerçəkləşdirilib. 100 nəfərdən çox soydaşımızın qatıldığı tədbirdə yerli ictimaiyyətə və turistlərə Ermənistanın beynəlxalq hüquq normalarını və bütün bəşəri dəyərləri kobudcasına tapdalaması, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmaq barədə qətnamə və qərarlarına məhəl qoymaması, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ədalətli həllinə və ölkəmizin ərazi bütövlüyünün bərpası prosesinə əngəl olması, Qarabağdan çox uzaq olan Tovuz rayonu istiqamətindəki dövlət sərhədlərini artilleriya atəşinə tutması, bunun nəticəsində azərbaycanlı hərbçilərin və dinc sakinlərin həlak olması barədə alman, ingilis, rus, türk və Azərbaycan dillərində ətraflı məlumat verilib.
Tədbir iştirakçıları Almaniya hökümətini, dünya birliyini və beynəlxalq təşkilatları Ermənistanın işğalçı siyasətinə son qoyulması və təcavüzkar əməllərinə görə sərt şəkildə cəzalandırılması, işğal edilmiş torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına dönməsi üçün qətiyyətli addımlar atmağa çağırıblar.
Azərbaycanın dövlət bayraqlarının dalğalandığı aksiyada “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Ermənistanın təcavüzkar siyasətini dayandırın” və s. şüarlar səsləndirilib.
Aksiya insidentsiz başa çatıb.