Soydaşlarımız Stokholm şəhərində etiraz aksiyası keçirib

24.07.2020

İsveçin paytaxtı Stokholm şəhərində Ermənistanın son hərbi təxribatları ilə bağlı bu ölkədə yaşayan soydaşlarımızın etiraz aksiyası keçirilib.

Paytaxtın mərkəzində yerləşən İsveç parlamenti “Riksdaq”-ın binası önündə baş tutan aksiyada azərbaycanlı və türk icmalarının üzvləri iştirak ediblər. Azərbaycan, Türkiyə və İsveçin dövlət bayraqlarının dalğalandığı aksiyada "Qarabağ Azərbaycana məxsusdur!", “Xocalı soyqırımı - ağrısını biz unuda bilmərik!", “Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun!" şüarlarının əks olunduğu plakatlar, Xocalı soyqırımı qurbanlarının və hərbi təxribatlar zamanı həlak olan şəhidlərimizin şəkilləri nümayiş etdirilib.

Azərbaycanın dövlət himni ilə başlayan tədbirdə Azərbaycan, İsveç və ingilis dillərində çıxış edənlər ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistanın xaincəsinə törətdiyi hərbi təxribatları sərt şəkildə pisləyiblər. Dünya birliyindən hadisələrə düzgün qiymət verilməsi tələb olunub, işğalçı Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymayaraq, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal altında saxladığı, dinc azərbaycanlılara qarşı terror siyasəti apardığı, bu münaqişənin bütün Avropa üçün təhlükə doğurduğu, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu məsələyə biganə qalmasının yolverilməz olduğu diqqətə çatdırılıb. Ədalətin, haqqın və hüququn Azərbaycanın tərəfində olduğunu vurğulayan aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırladaraq, İsveç hökumətini, parlamentini və dünya birliyini ölkəmizin ərazi bütövlüyünün bərpa olunması məsələsində daha qətiyyətli addımlar atmağa çağırıblar.

Aksiya müddətində "Qarabağ Azərbaycandır", "Ermənistanın təxribatlarına son!", "Qarabağ bizimdir, bizim olacaq", “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndirilib.