Türkiyənin İzmir şəhərində Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və işğalçı siyasət aparmasına etiraz məqsədilə aksiya keçirilib.
"Can Azərbaycan" platformasında birləşən qeyri-hökümət təşkilatlarının və azərbaycanlı tələbələrin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbir İzmirin mərkəzindəki Konak meydanında baş tutub. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan yalnız deyil!", "İzmirdən Azərbaycana salam olsun!", "Can Azərbaycana canımız fəda!", "Səninləyik, Azərbaycan!", "Bir millət, iki dövlət!" kimi şüarların səsləndirildiyi aksiyada siyasi partiyaların nümayəndələri, qeyri-hökümət təşkilatlarının sədrləri, universitet müəllimləri, azərbaycanlı tələbələr, media təmsilçiləri və yerli ictimaiyyətin nümayəndləri iştirak ediblər. Aksiyaçıların arasında Azərbaycanın və Türkiyənin tanınmış müğənnisi, "O səs Türkiyə" müsiqi yarışmasının qalibi Elnur Hüseynov da olub. O, "Ermənistanın təcavüzkar siyasətinə son qoyulsun!" plakatını qaldırmaqla işğalçılara etirazını ifadə edib.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və ermənilərin hərbi təxribatları zamanı qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlayıb. Aksiyada Azərbayan Türkləri və Dost Dərnəkləri Federasiyasının rəhbəri İsa Ambarcı, Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri dr. Asif Kurban, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının sədri Gürsəl Özdəmir, Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Mülazim Paşa, Çağdaş Azərbaycan Kültür Dərnəyinin sədr müavini Murtaza Karaçanta, Protestan Baptist Kilisələri Dərnəyinin başçısı pastor Ərtan Çevik və İzmir Sivil Toplum Kuruluşları Konfederasiyasının rəhbəri Yalçın Kocabıyık çıxış ediblər.
Çıxış edənlər Azərbaycana qarşı hərbi təxribatları şiddətlə qınayaraq, Ermənistandan işğalçı siyasətindən əl çəkməsini, işgal altındakı qədim Azərbaycan torpaqlarını tərk etməsini tələb ediblər, dünya birliyini təcavüzkar dövlətin beynəlxalq hüquq normalarını və bütün insani dəyərləri kobudcasına tapdalamasına biganə qalmamağa, Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.