Avstraliyada Ermənistanın işğalçı siyasətinə və ermənilərin təxribatlarına etiraz bildirilib

23.07.2020

İyulun 23-də Avstraliyanın Yeni Cənubi Uels (New South Wales) ştatında fəaliyyət göstərən soydaşlarımız etiraz aksiyası keçirib.

Ştatın parlament binasının önündə baş tutan aksiya Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) ve Guney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilatçılığı ilə gerçəkləşdirilib.

Azərbaycan, Türkiyə və Avstraliyanın dövlət bayraqlarının dalğalandığı, "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!" şüarlarının səsləndirildiyi aksiyada Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin xaincəsinə hərbi təxribatlar törətməsi, hərbi obyektlərin və yaşayış məntəqələrinin artilleriya zərbələrinə məruz qoyması nəticəsində azərbaycanlı hərbçilərin və dinc sakinlərin şəhid olması şiddətlə qınanıb. Yeni Cənubi Uels ştatının parlamentindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılması tələb olunub.

Aksiya iştirakçıları dövlətimizə, xalqmıza, ordumuza, eləcə də xarici ölkələrdəki Ermənistan səfirliklərinin və konsulluqlarının qarşısında etiraz səslərini ucaltmaqla xalqımızın haqlı səsini dünya ictimaiyyətinə çatdıran, diplomatik nümayəndəliklərimizin önündə erməni təxribatlarına fədakarlıqla sipər olan azərbaycanlılara dəstəklərini ifadə ediblər.