Türkiyənin vətəndaş cəmiyyəti Azərbaycana dəstəyini nümayiş etdirib

22.07.2020

Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddinə Ermənistan silahlı qüvvələrinin xaincəsinə hücum etməsi nəticəsində igid hərbçilərimizin və mülki vətəndaşların şəhid olması Türkiyənin vətəndaş cəmiyyətinin və bu ölkədə yaşayan azərbaycanlıların böyük hiddətinə səbəb olub.

Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə azərbaycanlı və türk icmalarının üzvləri 1918-ci ildə Bakının işğaldan azad olunmasında tarixi rol oynayan Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın və Azərbaycan xalqının böyük oğlu, ictimai-siyasi və dövlət xadimi Əhməd Ağaoğlunun məzarlarını ziyarət ediblər. Mərasim zamanı general-mayor Polad Həşimovun və digər şəhidlərimizin əziz xatirəsi anılıb.
Tədbirdə general Polad Həşimovun aprel döyüşlərində əsgəri olmuş Mahir İbrahimov, Qarabağ qazisi İxtiyar Polad, Tunc Biləkli Budun Eğitim və Töre Dərnəyinin rəhbəri Erdal Oğuz, Beynəlxalq Sülh və İnkişaf fondunun üzvü, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri Aygün Həsənoğlu, politoliq Ramiyə Məmmədova və başqaları çıxış ediblər. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, erməni silahlı qüvvələrinin törətdikləri təxribatlar şiddətlə qınanılıb və Azərbaycan Ordusuna dəstək ifadə edilib.

Sonra Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən şüarlar səsləndirilib, iki qardaş ölkənin qəhrəman şəhidləri Polad Həşimovun, Ömer Halis Demirin və Mübariz İbrahimovun rəsmləri önündə hərbi salam verilib və and içilib. Tədbir Türkiyənin 21 qeyri-hökumət təşkilatının imzaladığı bəyanatın oxunması ilə başa çatıb. Bəyanatda təcavüzkar Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycana qarşı apardığı işğalçılıq və terror siyasəti pislənilib, BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnaməsinə uyğun olaraq erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarıni tərk etməsi tələb edilib.

Tədbirdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda könüllü hərbi xidmətə yollanmaq istəyən gənclərin adları siyahıya alınıb.