Azərbaycan Diaspor Könüllüləri ilə videokonfrans keçirilib

22.07.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan Diaspor Könüllülərinin iştirak etdikləri videokonfrans keçirilib. Tədbirə Azərbaycan Diaspor Könüllülərini təmsil edən 50 nəfər gənc qatılıb.

Könüllüləri salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədrı Fuad Muradov öncə işğalçı Ermənistanın fasiləsiz olaraq törətdiyi hərbi təxribatlarla bağlı yaranmış mövcud vəziyyət, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbələr endirərək düşmənə layiqli cavab verməsi və şəhidlərimizin qanını yerdə qoymaması barədə ətraflı məlumat verib. Dünyanın ABŞ, Almaniya, Avstriya, Niderland, Türkiyə, Ukrayna, İsrail, Macarıstan, Gürcüstan, İspaniya, İtaliya, Fransa, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızın Qarabağ həqiqətlərinin təbliği və ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın növbəti hərbi təxribatlar törətməsi ilə bağlı güclü etiraz aksiyaları keçirdiyinə diqqəti cəlb edib.

Komitə sədri deyib ki, müstəqil dövlətimizin tarixində yaranmış bu mürəkkəb dövrdə vətənpərvər gənclərimiz ön və arxa cəbhədə Vətənimiz naminə fədakarlıqlar göstərir. Bu mənada, diaspor könüllülərinin ölkə daxilində və xaricində yaşayan vətənpərvər gənclərimizlə birlikdə sosial media və internet resursları vasitəsilə Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən erməni təxribatları haqqında #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAggression həştəqləri ilə çoxsaylı məlumat paylaşmaqla dünya trendinə düşməsi müsbət qiymətləndirilib. Dövlət Komitəsinin həyata keçirdiyi müxtəlif layihələrdə diaspor gənclərinin və könülllülərinin yaxından iştirak etdiyi, bu fəaliyyətin və xaricdə yaşayan soydaşlarımızın son dönəmdə keçirdikləri aksiyaların təbliğ olunmasında böyük rol oynadıqları vurğulanıb.

Müzakirələr zamanı könüllülər "Qarabağ Azərbaycandır" YouTube kanalı ilə bağlı gördükləri işlərdən ətraflı bəhs ediblər. Onlar kanalın kontentinin zənginləşdirilməsi istiqamətində çalışdıqlarını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəqil dövlətimizə, xalqımıza və ordumuza dəstək olmaq istədiklərini, ölkəmiz haqqında dezinformasiyaların yayılmasının qarşısını almağı vətəndaşlıq borcu hesab etdiklərini bildiriblər.