İğdır şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz olaraq yürüş keçirilib

22.07.2020

Türkiyə-Ermənistan sərhəddində Ermənistanın son hərbi təxribatlarına etiraz olaraq yürüş keçirilib.

Etiraz aksiyasında Ədalət və İnkişaf Partiyasının (AKP), Milliyətçi Hərakat Partiyasının (MHP), İYİ Partiyanın yerli təşkilatlarının, 25 qeyri-hökumət təşkilatının təmsilçiləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
İğdır şəhərinin mərkəzində toplaşan aksiya iştirakçıları əvvəlcə avtomobil karvanı ilə, sonra piyada Türkiyə-Ermənistan sərhəddindəki Əlican sərhəd-keçid məntəqəsinə doğru yürüş ediblər. Türkiyə və Azərbaycan bayraqlarının dalğalandığı yürüş zamanı aksiya iştirakçıları "Səninləyik, Azərbaycan!", "Qarabağ Azərbaycandır!", "Ermənistanın işgalçı siyasətinə son!" və digər süarları səsləndiriblər.

Əlican sərhəd-keçid məntəqəsindəki etiraz aksiyası Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik süktla yad edilib.

Tədbirdə çıxış edənlər təcavüzkar Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təxribatların pisləyiblər və bu hadisələr zamanı hərbçilərimizlə yanaşı, mülkü sakinlərin öldürülməsinə, yaşayış məntəqələrinin dağıdılmasına sərt etirazlarını bildiriblər. Onlar bir daha bəyan ediblər ki, hər zaman olduğu kimi, bu ağır günlərdə də Azərbaycanın yanındadırlar və ölkəmizin haqlı mövqeyini həmişə müdafiə edəcəklər. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsi və işğalçılıq siyasətinə son qoyması tələb olunub.

Aksiyanın sonunda Iğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal, Türkiyə Azərbaycan Dərnəyinin (TÜRKAZERDER) Iğdır şöbəsinin sədri İlteriş Kağan Taşkınsu, İSTAD İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin sədri Səfər Karakoyunlu və digər təşkilatların rəhbərləri Ermənistana etiraz əlaməti olaraq Əlican sərhəd-keçid məntəqəsinin yaxınlığındakı əraziyə qara əklil qoyublar.