Soydaşlarımız ölkəmizin ədalətli və haqlı mövqeyini Rusiya mediasında müdafiə edirlər

22.07.2020

Rusiyada yaşayan azərbaycanlı iş adamlarının Ermənistanın hərbi təxribatlar törətməsinə etiraz əlaməti olaraq Moskvadakı ən böyuk meyvə-tərəvəz bazası olan "Fud Siti" bazarına bu ölkənin istehsal etdiyi malların gətirilməsinə qadağa qoyması geniş rezonans doğurub.

Qonşu olkədə yaşayan ermənilərin və ermənipərəst qüvvələrin təsir dairəsində olan media qurumları böyük səs-küy qaldıraraq, bu qərarı azərbaycanlıların Rusiya ərazisində onlara meydan oxuması kimi qələmə verməyə, bu hadisədən öz xeyirlərinə istifadə etməyə və ərik şousundan ermənilərin yeni əzabkeş obrazını yaratmağa çalışıblar.

Rusiyanin "Pervı" kanalinda yayımlanan və bu məsələnin müzakirə olunduğu "Vremya pokajet" tok-şousuna 2 soydaşımız – Sankt-Peterburqda fəaliyyət göstərən hüquqşünas və politoloq Samir Məmmədov və azru.org informasiya portalının rəhbəri, tanınmış jurnalist Roman Ağayev ekspert qismində qatılıblar. Aparıcılar Artyom Şeynin və Anatoli Kuziçev də daxil olmaqla erməni və ermənipərəst ekspertlərin bütün səylərinə və basqılarına baxmayaraq, soydaşlarımız ölkəmizin ədalətli və haqlı mövqelərini çatdıqmağa nail olublar, proqramda nümayiş etdirilən birtərəfli və ermənilərin maraqlarına xidmət göstərən süjetlərə və fikirlərə etirazlarını bildiriblər. Onlar dəfələrlə studiyada əyləşənlərin və tamaşaçıların nəzərinə çatdırıblar ki, Moskvada yaşanan insidentin səbəbi Ermənistanın 30 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və ərazi bütövlüyümüzü pozmasıdır. Bundan başqa, proqramın redaktorlarının israrlı təkidlərinə baxmayaraq, Roman Ağayev üzərində rus dilində "Erməni işğalına son qoyulsun!" şüarının yazıldığı köynəyini dəyişməkdən imtina edib və həmin geyimdə axıradək studiyada oturub.

"Komsomolskaya pravda" radiosunun "Yaşlı adamlar" verilişinə müsahibəsində isə digər həmvətənimiz – Sverdlovsk vilayətindəki "Azərbaycan–Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski bildirib ki, əslində "Fud Siti" sahiblərinin qərarı təəccüb doğurmamalıdır: "...iyulun 12-də erməni silahlı qüvvələri dinc Tovuz rayonuna hücum çəkiblər. Nəticədə, sərrast raket zərbəsi ilə Azərbaycan ordusunun general-mayoru, polkovniki və digər zabitləri, həmçinin dinc sakin öldürülüb. Rusiyada yaşayan azərbaycanlılar buna biganə qala bilməzlər. Azərbaycanlıların işlədikləri heç bir yerdə heç kəs ermənilərin malını satıb, onlara qazanc gətirməyəcək ki, onlar bu pulla silah alıb, dinc Azərbaycan əhalisini gülləbaran etsinlər. Qoy onlar öz mallarını başqa yerdə satsınlar".

Ural Federal dairəsində yaşayan çoxminlik Azərbaycan diasporu və öz adından həlak olmuş şəhidlərimizin ailələrinə səmimi başsağlığı verən Ş.Şıxlinski qeyd edib ki, Ermənistan rəhbərliyindəki bir qrup şəxsin uzağı görməyən siyasəti nəticəsində baş verən bu insident kövrək sülhün irimiqyaslı hərbi münaqişənin bir addımlığında qalmasına gətirib çıxarıb. Çünki Ermənistan rəhbərliyi öz qarşısına münaqişəyə Rusiya ilə Türkiyəni, eləcə də digər bölgə ölkələrini cəlb etmək məqsədini qoyub. Amma təxribatın bütün mahiyyətini ayıqlıqla dərk edən Rusiya Federasiyasının ali rəhbərliyi ölçülüb-biçilmiş siyasət nümayiş etdirib.

Sonda həmvətənimiz bildirib ki, hərbi təxribatlara etiraz əlaməti olaraq BMT-nin mənzil qərargahına və ATƏT-in Minsk Qrupuna müraciət ediblər: "Göstərmək istərdim ki, biz, öz fəaliyyətini Azərbaycanın qabaqcıl ölkəyə çevrilməsinə, ərazi bütövlüyünün, suverenliyinin qorunmasına həsr etmiş Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət kursunu tam dəstəkləyirik. O, Ermənistan rəhbərliyinin bütün beynəlxalq səviyyələrdəki hərəkətlərinə və açıqlamalarına çox layiqli cavab verir".

https://youtu.be/CjYPId0itHM