Təbrik edirik!

22.07.2020

Əziz media nümayəndələri!

Sizi Milli Mətbuatımızın 145 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı və uğurlar arzu edirik.

Bu il 145 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol xalqımızın milli oyanışında, istiqlal arzularının gerçəkləşməsində dərin iz qoyub.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə, ölkənin çətin vəziyyətində, hakimiyyətə qayıdışı ilə Azərbaycan mətbuatının da yeni inkişaf mərhələsi başlayıb.

Bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Bütün bunlar Azərbaycan dövlətinin, dövlət başçısının mətbuatımıza göstərdiyi yüksək diqqət və qayğının gerçək ifadəsidir.

Hörmətli media nümayəndələri, bir daha sizləri Milli Mətbuatımızın 145 illiyi münasibətilə təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.