Soydaşlarımız Azərbaycan dövlətini dəstəklədiklərini bəyan edirlər

22.07.2020

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına etiraz olaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız və xaricdə yaşayan soydaşlarımız Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyaları keçirməkdə davam edirlər.

İyulun 17-də Moskva şəhərində və vilayətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri bu məqsədlə toplantı keçiriblər.

Tədbirdə Moskva Azərbaycan Cəmiyyətinin sədri Şamil Tağıyev, Azərbaycan Milli Mədəni Müxtariyyətinin sədri Elşən İbrahimov və başqaları çıxış ediblər. Natiqlər Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatını sərt şəkildə pisləyiblər, Rusiyadakı soydaşlarımızın Azərbaycan dövlətini, xalqını və ordusunu birmənalı və qəti şəkildə dəstəklədiklərini, Vətənimizin haqq səsinin Rusiya ictimaiyyətinə çatdırılması üçün əllərindən gələni edəcəklərini deyiblər.

ATƏT-in Minsk qrupu həmsədrlərinin öz fəaliyyətsizlikləri ilə qurumun səmərəsizliyini artıq sübuta yetirdikləri, danışıqlar prosesində heç bir nəticə əldə olunmadığı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün bu qurumun tərkibinin yenidən formalaşdırılmasının vacib olduğu bildirilib.

Vətənimizin belə anında dünya azərbaycanlılarının xüsusi həmrəylik, birlik və mütəşəkkillik göstərməsinin mühüm amil olduğunu söyləyən diaspor təşkilatlarının rəhbərləri hər kəsin dövlətimizin ətrafinda bir yumruq kimi birləşməsinin vacib olduğunu söyləyiblər.

Toplantıda soydaşlarımızın Azərbaycan dövlətinə və ordusuna dəstəyini ifadə edən müraciət qəbul edilib.