Gürcüstanda fəaliyyət göstərən Milli Konqresin sədri Əli Babayev bu ölkədə yaşayan azərbaycanlılar adından Gürcüstan hakimiyyətinə müraciət edib.
Gürcü mediasına müsahibəsində soydaşımız bildirib ki, hərbi təxribatlara və bölgədəki sülh prosesini pozduğuna görə Ermənistanı cəzalandırmaq lazımdır. Dünyanın 130-dan artıq dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığına, Azərbaycan ərazilərinin 20%-ni zəbt edən Ermənistanı işğalçı ölkə kimi pislədiyinə diqqəti cəlb edən soydaşımız qeyd edib ki, indi də Gürcüstan sərhədlərinin 50 km məsafəsində Ermənistan hərbi təxribata əl atıb. "Bu qəbulolunmazdır, çünki, bu ərazidən Bakı-Tbilisi-Ceyhan neft və digər qaz kəmərləri keçir. Əgər bu hadisələrə beynəlxalq tərəfdaş ölkələr müdaxilə edib, Ermənistanı cəzalandırmasalar, bu proses məcrasından çıxıb, bütün regionu qeyri-sabit bir əraziyə çevirəcək" - deyə o, vurğulayıb.
Hərbi təxribatlar zamanı Baltikyanı ölkələr və İtaliyanın Azərbaycana dəstək verdikləri, Türkiyənin xalqımıza həmrəylik ifadə etdiklərini xatırladan Milli Konqresin sədri deyib ki, bu məsələ ilə bağlı Gürcüstan azərbaycanlıları öz mövqeyini bəyan edib. "...Ermənistan səfirliyi qarşısında azərbaycanlı gənclərin etiraz aksiyasi, həmçinin Qızmızı körpü ərazisində də dinc aksiyalar keçirilib. Gürcüstan azərbaycanlıları olaraq biz Azərbaycanın haqq işinə öz həmrəyliyimizi bildiririk. Bu haqda bəyanatımızı beynəlxalq təşkilatlara da göndərmişik ki, bu xain əməllərinə və təxribatlarına görə Ermənistan cəzalandırılsın".
Sonda Ə.Babayev gürcü xalqına və Gürcüstan hökumətinə müraciət edərək, regionda sülhsevər bir ölkə kimi, son təxribatlarla bağlı öz sözünü deməyə çağırıb. "...Doğrudur, Gürcüstan prezidenti Salome Zurabişvili bu məsələ ilə bağlı bəyanat verib, ancaq buna baxmayaraq, regionda təhlükəsizliyin, sabitliyin qorunub saxlanılmasında Gürcüstan xüsusulə daha fəal rol oynamalıdır" - deyə soydaşımız vurğulayıb.