ABŞ-dakı erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act – NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyilə düzəlişlərin daxil edilməsinə çalışıblar. Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bir sıra konqresmenlər isə Ermənistan əleyhinə iki düzəliş irəli sürüblər.
İyulun 17-də sözügedən düzəlişlərin müzakirəsi məqsədilə ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclası keçirilib. Konqres üzvü Stiv Kohen tərəfindən 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birlikdə bir neçə postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş vətəndaşlar barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim etmələri barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub. Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə birgə hesabatın ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən Konqresə təqdim edilməsi nəzərdə tutulur.
Erməni lobbisinin bütün səylərinə baxmayaraq, iclas zamanı Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst konqresmen B.Şermanın və erməni əsilli C.Spiirin ölkəmiz əleyhinə irəli sürdükləri 66 saylı (“Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunması”) və 330 saylı (“333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlara dair paritet tətbiq edilməsi”) düzəlişlər qəbul edilməyib.
Məlum olduğu kimi, son iki ildə Azərbaycana “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlara dair paritet tətbiq edilməsi” proqramı çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmaması onların ciddi narazılığına səbəb olduğundan bu düzəliş irəli sürülüb.
Məruz qaldıqları uğursuzluq erməni lobbisinin və xüsusilə də, daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olub. Ermənipərəst konqresmenlərin Azərbaycan əleyhinə irəli sürdükləri düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələrinin, hətta son dəqiqədə milyonlarla izləyicisi olan erməni əsilli “tanınmış simaların” səfərbər olunmasına baxmayaraq, sözügedən düzəlişlərin qəbul edilməməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub. Ermənilərə bu işdə ermənipərəst mövqeyi ilə seçilən Qaydalar Haqqında Komitə sədrinin dəstək göstərməməsi də ermənilər arasında əlavə gərginliyə və narazılığa səbəb olub.
Qeyd edək ki, Birləşmiş Ştatlarda fəaliyyət göstərən Amerika Azərbaycan Şəbəkəsinin (USAN) hazırladığı petisiya kampaniyasına qatılan azərbaycanlı icmaları, eləcə də müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclər bu düzəlişlərin qəbul olunmaması üçün Konqresə və müxtəlif konqresmenlərə çoxsaylı müraciətlər göndəriblər.
Azərbaycan əleyhinə qarşısı alınmış düzəlişlərlə aşağıdakı internet səhifələrindən tanış olmaq mümkündür:
https://amendments-rules.house.gov/amendments/ShermAzerAmend710201219401940.pdf
https://amendments-rules.house.gov/amendments/Speier%20Azerbaijan%20final71320110611611.pdf