Misirin egyptnewsonline.com və waseqnews.com xəbər portallarında "Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirovun Azərbaycanın Tovuz rayonu istiqamətindəkı dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatlar barədə bəyanatı yayılıb.
Bəyanatda bildirilib ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu işğal edərək, bir milyondan çox azərbaycanlını öz dədə-baba yurdundan didərgin salan erməni işğalçı qüvvələri Qarabağdan 100 kilometrlərlə uzaqda yerləşən bölgələri də ələ keçirməyə cəhd göstərib. Amma Azərbaycan silahlı qüvvələri cavab tədbirləri ilə düşməni geri çəkilməyə məcbur edib. "Ermənistandan qat-qat güclü orduya malik olan Azərbaycan hələ də münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyir. Amma onun da səbrinin həddi var”, - deyə qeyd edilib.
Bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri, Ermənistanın ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirməsi, davamlı olaraq atəşkəsi pozması və Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin indiyədək yerinə yetirilməməsi barədə ətraflı məlumat verilib.
Sonda qeyd edilib ki, Misir həm Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub, həm də Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyır. “Azərbaycan xalqı bizim ədalətli mövqeyimizi dəstəklədiyinə görə qardaş ölkəyə minnətdardır”, -deyə vurğulanıb.